Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu "Çin dilinin onlayn tədrisi" mövzusunda seminar keçirib.
Çin tərəfdən Konfutsi İnstitutunun direktoru xanım Li Jihua Çin dilinin onlayn tədrisinin aktual təşkilati, texniki və metodoloji problemlərinin həlli ilə bağlı çinli müəllimlərin təcrübəsindən danışıb.
Azərbaycan tərəfdən institutunun direktoru Rafiq Abbasov Çin dilinin onlayn tədrisinin perspektivlərindən, həmçinin Çin mədəniyyətinin öyrənilməsinin əhəmiyyətindən bəhs edib.
Konfutsi İnstitutunun müəllimi xanım Çen Xiaojen ötən tədris ilinə yekun vurub, Azərbaycan İqtisad Universitetində distant kurslarda Çin dilinin tədrisi ilə bağlı müəllif metodunu bölüşərək, yeni semestr üçün planları təqdim edib.
Konfutsi İnstitutunun müəllimləri Zhao Jingrui və Yang Yingjiao, əsasən Çin dilinin onlayn öyrənilməsinə tematik əlavələr, Çin hərflərinin öyrənilməsi üzrə onlayn kursun keçirilməsi, Çin dilinin onlayn tədrisi üçün innovativ metod və texnologiyaların tətbiqi ilə bağlı təkliflər irəli sürüblər.
Seminarın sonunda Çin dilinin tədrisində innovativ metodların tətbiqi üzrə geniş fikir mübadiləsi aparılıb.