2022-ci ildən etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) HPC (High Performance Computing) mərkəzin imkanlarından istifadə etməklə, Horizon 2020 proqramının enerji sistemlərinin dayanıqlığının artırılması istiqamətində “ELECTRON: rEsilient and seLf-healed EleCTRical pOwer Nanogrid” layihəsinə qoşulur.
Universitetdən bildirilib ki, bununla əlaqədar 2022-ci ilin yanvar ayında layihənin plenar iclası keçiriləcək və ADNSU layihənin üzvü kimi təqdim olunacaq.
Qeyd edək ki, ELECTRON layihəsinin əsas məqsədi Elektrik Yükü və Enerji Sistemlərində (EGES) kiber hücumlar, elektrik pozuntuları, bir sıra insan faktorlu xətaların qarşısının alınması üçün smart texnologiyaların tətbiqi ilə yeni nəsil özünü sazlama, paylanmış idarəetmə qabiliyyəti kimi bir sıra üstünlüklərə malik EGES platformalarının yaradılmasıdır.
Qeyd olunan layihədə ADNSU HPC mərkəzin imkanlarından istifadə etməklə layihənin idarəolunması və koordinasiyası, ELECTRON sisteminin arxitekturası, enerji sistemlərində riskin qiymətləndirilməsi və standartlaşdırılması məsələləri, ELECTRON sisteminin inteqrasiyası və sınaqdan çıxarılması kimi bir sıra funksiyaları yerinə yetirəcək.
Layihədə Belçika krallığı, o cümlədən Fransa, İspaniya, Yunanıstan, İsveç, Norveç və digər Avropa ölkələri iştirak edir. Layihənin icra müddəti 1 oktyabr 2021-ci il və 30 sentyabr 2024-cü il tarixlərini əhatə edir. İlkin məlumata görə, layihənin ümumi büdcəsi 10 milyon avrodan çoxdur (€10 207 562, 50).
Həmçinin 2021-ci ilin iyul ayından etibarən Yunanıstanın Qərbi Makedoniya Universitetinin (University of Western Macedonia) mütəxəssisləri ilə birgə yeni POWER4GRID layihəsi hazırlanıb və HORIZON 2020 proqramına təqdim olunub. Adıçəkilən layihədə 14 ölkənin 36 təşkilatı birgə fəaliyyət göstərir. Azərbaycandan Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, SOCAR və ADNSU bu layihədə tərəfdaş kimi iştirak edəcək.
POWER4GRID layihəsinin əsas məqsədi müxtəlif xarakterli problemlərə (kiber hücumlar, təbii fəlakətlər, iqlimin dəyişməsi, insan faktorlu xətalar) qarşı dayanıqlı, özünü idarəetmə və sazlama imkanlarına malik grid sistemləri platformasının hazırlanmasıdır. Burada süni intellekt üsullarından istifadə etməklə risklərin qiymətləndirilməsi və qərarların qəbulunu təmin etməklə daha dayanıqlı və etibarlı sistemlərin əsaslarının hazırlanması nəzərdə tutulur.
ELECTRON layihəsi, eləcə də HORIZON 2020 proqramı üçün yeni hazırlanıb təqdim olunan POWER4GRID layihəsinin müzakirəsi, təkmilləşdirilməsi, bu layihənin icra olunması üçün universitetin, bütövlükdə isə ölkəmizin imkanlarının araşdırılması məqsədilə Yunanıstanın Qərbi Makedoniya Universitetinin (University of Western Macedonia) mütəxəssisləri 2022-ci il yanvarın 23-dən ADNSU-da səfərdə olacaqlar.