Türk Dünyası Memarlar və Mühəndislər Birliyinin sədri, Çevrə Şəhərcilik və İqlim Dəyişikliyi nazirinin yardımçısı Mücahit Dəmirtaşın rəhbərlik etdiyi geniş nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub.
Universitet rəhbərliyi ilə görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri, əlaqələrin möhkəmləndirilməsi istiqamətində birgə tədbirlər, seminar və konfranslar, təcrübə proqramları və layihələrin həyata keçirilməsi müzakirə edilib.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova nümayəndə heyətinə rəhbərlik etdiyi ali məktəbin tarixi, inkişafı, müasir dövrdə fəaliyyəti, beynəlxalq əlaqələri, Türkiyə universitetləri ilə əməkdaşlığı haqqında geniş məlumat verib. G.Məmmədova Türk Dünyası Memarlar və Mühəndislər Birliyi ilə bu günə qədər həyata keçirilən birgə tədbirlərin, layihələrin universitet üçün önəmindən danışıb, tələbə və müəllimlərin Türkiyənin nüfuzlu qurumlarında iştirak etdiyi təcrübə proqramlarının yenidən bərpa olunması istəyini diqqətə çatdırıb.
Nümayəndə heyətinin rəhbəri Mücahit Dəmirtaş AzMİU ilə sıx dostluq və işgüzar əlaqələrin bundan sonra daha da inkişafına əminliyini ifadə edib, səfərlərinin məqsədi haqqında danışıb. Görülən işləri əks etdirən videorolikin nümayişindən sonra qurumun baş katibi İlyas Dəmirçi Birliyin Azərbaycandakı təmsilçisi kimi AzMİU ilə əməkdaşlığın pandemiyadan sonrakı dönəmdə yenidən inkişaf etdirilməsi üçün lazım olan tədbirlərin həyata keçiriləcəyini bildirib. Baş katib Türk Dünyası Memarlar və Mühəndislər Birliyinin növbəti qurultayının Azərbaycanda keçirilməsini təklif edib.