Bakı Mühəndislik Universitetində (BMU) payız semestrinin qış imtahan sessiyası davam edir.
Universitetdən bildirilib ki, yanvarın 5-dən start götürən sessiyanın arxada qalan dövrü ərzində 537 imtahan təşkil olunub. Keçirilən imtahanlarda bakalavr və magistratura səviyyələri üzrə indiyə qədər, ümumilikdə 4730 tələbə iştirak edib.
İmtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları operativ şəkildə aradan qaldırmaq məqsədilə Apellyasiya Komissiyası yaradılıb. Belə ki, tələbələr imtahan bitdikdən sonra 3 gün ərzində ərizə ilə komissiyaya müraciət etmək imkanına malikdirlər.
Tələbənin müraciəti komissiya sədrinin və üzvlərinin iştirakı ilə dekan, kafedra müdiri, fənni tədris edən müəllim, həmçinin həmin fənni tədris edən başqa bir müəllim tərəfindən dinlənilir. Sonra isə tələbənin verdiyi cavab yenidən oxunur, fənni tədris edən müəllimin tələbənin iradına münasibəti bildirildikdən sonra komissiya müvafiq qərar verir.
13 yanvar tarixinə olan məlumata əsasən, Apellyasiya Komissiyasına cəmi 67 müraciət daxil olub. Onlardan 51 müraciət komissiya tərəfindən yoxlanılıb, təxminən 20 faizi tələbələrin xeyrinə həll edilib.
Qeyd edək ki, fevralın 1-dək davam edəcək imtahan sessiyasında 1273 imtahanın keçirilməsi nəzərdə tutulub.