Azərbaycanın Macarıstandakı səfirliyində “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020) yubiley medalı” universitetin macarıstanlı veteran məzunlarına təqdim edilib.
Bu fəxri mükafata Macarıstan Neft-Qaz Korporasiyasının baş direktorunun keçmiş müavini İştvan Ulrix, Korporasiyanın mütəxəssisi, Bakı Ali Məktəblərinin Macarıstanlı Məzunları Assosiasiyasının prezidenti Yulianna Keteleş-Baranyai, habelə Macarıstan Neft-Qaz Tədqiqatları İnstitutunun mərhum əməkdaşı Luka Georgeyev Zumpalov layiq görülüb. Zumpalovun medalı onun dul qadını, ELTE Universitetinin dosenti, Bakı Dövlət Universitetinin məzunu Mariya Kenyeşeiyə təqdim edilib.
Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) dövlətlər arasındakı əlaqələrin inkişafına verdiyi töhfə barədə söhbət açıb.
Qonaqlar isə tələbəlik illəri barədə xatirələrini bölüşərək qürur hissi ilə bildiriblər ki, kurs yoldaşları ilə indi də əlaqə saxlayırlar. Onların çoxu peşəkar karyerasında böyük uğurlar qazanıblar.