Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 13-də qəbul imtahanı modelinə uyğun daha bir sınaq imtahanı keçirəcək.
DİM-dən bildirilib ki, sınaq imtahanında iştirakçılara 2022-ci ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq test tapşırıqları hər qrupda 3 imtahan fənni üzrə aşağıdakı kimi təqdim olunacaq:
III ixtisas qrupu üzrə imtahan vermək istəyənlər DT və ya TC altqrupu üzrə imtahan vermək istədiklərini qeyd edirlər. Hər iki altqrup üzrə sınaq imtahanında iştirak etmək istəyənlər fevralın 13-də Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra fevralın 20-də əlavə olaraq coğrafiya fənni üzrə imtahan verəcəklər.
Sınaq imtahanında istifadə olunacaq test tapşırıqları 11-ci siniflər üçün ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarının 2022-ci il yanvar ayının sonunadək olan hissəsini əhatə edəcək.
Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və ya mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddət istifadə olunan və cavabları kodlaşdırıla bilən hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.
Sınaq imtahanına qeydiyyat 2 fevral saat 23:59-dək aparılacaq.
İmtahanlar fevralın 13-də Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq. Fevralın 20-də keçiriləcək coğrafiya fənni üzrə əlavə imtahan isə Bakı, Naxçıvan, Gəncə və Lənkəranda olacaq.
Yazı işlərinin yoxlanılması ilə əlaqədar və iştirakçıların sayından asılı olaraq imtahanın nəticələri ən tezi 2 həftədən sonra elan ediləcək.