Bakı Dövlət Universitetinin (BDU) əməkdaş, doktorant və tələbələrinin 2021-ci il üzrə elmi fəaliyyəti uğurla nəticələnib.
Belə ki, Clarivate Analytics Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, 2021-ci ildə BDU-nun Hirş indeksi 5 bal (44-dən 49-a qədər) artıb.
Hirş indeksi alimlərin, elmi təşkilatın fəaliyyətinin elmi əsərlər və həmin əsərlərə istinada görə kəmiyyət göstəricisidir. Hər bir əsərə istinadların orta sayı isə 5.58-ə qədər yüksəlib. Onu da qeyd edək ki, 2018-ci ilin sonunda BDU-nun Hirş indeksi 35-ə bərabər olub.
Agentliyin rəsmi məlumatına əsasən, BDU-nun əməkdaşları, doktorantları və tələbələri tərəfindən Web of Science bazasına daxil olan jurnallarda artıq 3321 elmi əsər nəşr edilib. Bu əsərlərə 18529 dəfə istinad edilib. Təkcə 2021-ci ildə Web of Science bazasına daxil olan jurnallarda BDU tərəfindən 247 əsər (2021-ci il üzrə yekun nəticələr tam deyil, 2022-ci ilin ilk yarımilliyində tamamlanacaq) nəşr edilib və nəşr edilən əsərlərə 4517 dəfə istinad olunub ki, bu da 2018-ci ildəki istinadların sayından 2.6 dəfə çoxdur.
Qeyd edək ki, bu göstəricilərlə BDU Azərbaycan universitetləri arasında yenə liderdir.