Emin Əmrullayev: “2022-ci ilə böyük ümidlər, arzular və planlarla daxil oluruq”


2021-ci il dekabrın 28-də təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” proqramında qonaq olub. Proqramda təhsil naziri ilə 2021-ci ilin təhsil yekunları, təhsil işçilərinin əməkhaqqı  artımı, vaksinasiya prosesi, təhsil tələbə krediti, 2022-ci ildən gözləntilər və digər suallar ətrafında söhbət aparılıb.

 

Dövlətin təhsil işçilərinə qayğısı artmaqdadır

 

- 2021-ci ili başa vurmaq üzrəyik və təbii ki, təhsil sahəsində də  addımlar atılıb.  İstərdik ki, 1 ilin yekunlarına nəzər salaq. Amma öncə ilin ən yaddaqalan və vacib hadisələrini qeyd edək. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin  sərəncamı ilə təsdiqlənən yeni sosial paketdə  həm də təhsil işçilərinin  əməkhaqlarının artırılması ilə bağlıdır. Əvvəlcə bu barədə söhbətimizə başlayaq. Ümumiyyətlə,  bu cür qərarların qəbul olunması təhsilin keyfiyyətinə hansı formada təsir edir və nə qədər təhsil işçisinin sosial rifah halının yaxşılaşdırılmasından söhbət gedəcək? 

 

- Bu ilin ən böyük hadisələrindən biri sizin  də qeyd etdiyiniz kimi, cənab Prezidentin müvafiq sərəncamları ilə ilin sonunda  Azərbaycanda təhsil və  digər işçilərin əməkhaqlarının artırılmasıdır. Onu vurğulamaq istərdim ki, müəllimlərin, məktəbdənkənar  təhsil müəssisələrində işləyənlərin, bütövlükdə, təhsil işçilərinin sosial-rifah halının yaxşılaşdırılması  dövlət başçısının hər zaman diqqətində olan məsələlərdəndir.

 

Son illər ərzində onu qeyd etmək olar ki, məhz bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin  əməkhaqlarının 2 dəfə artırılması - dərs yükünün 12 saatdan - 18 saata çatdırılması nəticəsində, o cümlədən də mütəmadi olaraq bir neçə dəfə müvafiq qaydada maaş artımları müəllim peşəsini  kifayət qədər nüfuzlu və cəlbedici edib. Bunu istər müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə, istərsə də abituriyentlərin ixtisas seçimində çox aydın şəkildə görürük. Əgər  biz bir neçə il əvvəl müəllim çatışmazlığını qeyd edirdiksə, hazırda Azərbaycanın ən ucqar kəndlərində, müəyyən mənada çətin sayıla biləcək yerlərində belə gənclərimiz müəllim işləməyi seçir.

 

Maaş artımı təhsilin keyfiyyətinə müsbət təsir edəcək

 

- Siz bu məsələdə əsas səbəb kimi nəyi göstərə bilərsiniz?

- Təbii ki, burada bir  neçə səbəb var. Həqiqət bundan ibarətdir ki, xüsusilə kənd yerlərində, müəllim işlədiyi yerlərdə, belə deyək də, əməkhaqqısı yüksək olur. Rayon, kənd yerlərində infrastrukturu yaxşı, maddi-texniki təchizatı  yüksək səviyyədə olan məktəblərimiz var. Müəyyən təhsil müəssisələrimiz  də var ki, onlarda hələ də müəyyən  çatışmazlıqlar  olsa da  bunlar  ardıcıl şəkildə hökumətin  müvafiq hazırladığı plan əsasında aradan qaldırılır.

 

 Bir məsələni də xüsusi qeyd etmək istərdim ki, gənclərin müəllimliyə həvəsi artıb. Yəni, biz bunu başqa bir indikatorla görürük ki, bu gün yüksək bal toplamış abituriyentlərin 4 nəfərindən 1-i müəllimlik ixtisasını seçirsə, bu da öz-özlüyündə çox yaxşı bir xəbərdir.  Sadəcə olaraq  həmin gənclərin sinif otaqlarında gəlib müəllimlik peşəsinə yiyələnməsi,  yəni yaxşı müəllim kimi formalaşması üçün yəqin ki, bir az daha çox gözləməliyik. Məhz təhsil də elə bir sahədir ki, burada 1 gecəyə, 1 ilə böyük dəyişikliklər əldə edə bilmərik dedikdə,  bu tipli dəyişikliklər də nəzərdə tutulur.

 

Azərbaycan  Dövlət Pedaqoji  Universitetinin 100 illik yubileyi   qeyd ediləndə də mən bu fikri səsləndirdim ki, bu gün həmin ali məktəbin auditoriyasındakı 16,17,18 yaşlı gənclər Azərbaycan təhsilinin növbəti 30-40 ilini  şərtləndirən insanlardır. Və həmin gənclərin nailiyyətlərimi, akademik göstəricilərimi  deyim, bu, həqiqətən də gələcək nəslin formalaşmasına uzunmüddətli vədədə müsbət təsir edir. Amma  qısamüddətli vədədə, bilirsiniz ki, təhsil sistemində bu addım 100 minlərlə insanı əhatə edir. Təkcə  dövlət ümumtəhsil müəssisələrində 230 minə yaxın insanın, bundan əlavə bizim məktəbdənkənar, orta ixtisas, peşə ixtisas təhsili müəssisələrində işləyən həmkarlarımızın da əməkhaqqısı artırılır. Və bəzən anlaşılmazlıq olur ki, yalnız müəllimlərin və  gənclərin çağırışaqədərki hazırlıq  rəhbərlərinin və peşə məktəblərində fiziki tərbiyə müəllimlərinin  əməkhaqları artırılıb. Yox, sadəcə olaraq bu qrup xüsusi sxem üzrə əməkhaqqı aldığına görə müvafiq islahatdan sonra onların adları ayrıca hallanır. Büdcədən maliyyələşən digər işçilər, psixoloqlar, laborantlar, məktəbin texniki-inzibati heyəti də bu islahatın tərkib hissəsidir. Ona görə də qeyd etdiyim kimi, tək təhsil sektorunda bu, 300 mindən artıq insanı əhatə edəcək. Və sualınızın cavabı olaraq  deyim ki, maaş  artımı birmənalı şəkildə təhsilin keyfiyyətinə müsbət təsir edəcəkdir. Həm qısamüddətli, həm də uzunmüddətli vədədə. Belə ki, qısamüddətli vədədə insanların rifahına, uzunmüddətli vədədə isə daha da istedadlı insanların təhsil sektoruna gəlməsinə müsbət təsiri olacaqdır.

 

Tədris ili gec başlasa da, davamlılığı təmin edildi

 

- 2021-ci il artıq başa çatmaq üzrədir və təəssüflə qeyd etməliyik ki, bu ili də pandemiya şəraitində başa vururuq.Və pandemiyanın bütün sahələrə, o cümlədən təhsil sektoruna təsirləri barədə kifayət qədər danışmışıq. Azərbaycan artıq  pandemiya dövründə hər bir sahədə olduğu kimi, təhsildə də müəyyən təcrübə əldə edib. Ümumiyyətlə, bax bu cür fost-major  vəziyyət Azərbaycan təhsilinə hansı formada təsir göstərdi? Bu, yalnız  Azərbaycanda yox, təbii ki, bütün dünyada yeni bir hadisə idi. Biz itirilmiş dərs yükünü kompensasiya, bərpa edə bildikmi? 2021-ci ili  pandemiya fonunda necə dəyərləndirmək olar?

 

- Təbii ki, qeyd etdiyiniz kimi, heç kimin gözləmədiyi və planlaşdırmadığı bir şəraitdə təhsil sistemi belə bir vəziyyətlə -pandemiya ilə  üz-üzə  qaldı. Tək Azərbaycanda deyil, dünyanın istənilən ölkəsində düşünürəm ki, oxşar  çətinliklər yaşanıldı. Mən ölkəmizdə  pandemiya ilə bağlı mərhələli şəkildə həyata keçirilən tədbirləri qeyd etməklə zaman almaq istəmirəm. Yəni, bilirsiniz ki, mövcud vəziyyətlə əlaqədar  Azərbaycanda Operativ Qərargah yaradıldı. Hökumətin ayrı-ayrı qurumları  arasında sıx əlaqəli şəkildə bu məsələyə qarşı bir münasibət formalaşdırıldı. İstər səhiyyə, təhsil, hüquq-mühafizə, istərsə də iqtisadiyyat və digər sahələr üzrə çox ciddi bir koordinasiya  sayəsində mühüm işlər həyata keçirildi.

 

Əgər biz ictimaiyyətə müəyyən mənada hesabat xarakterli məlumat veririksə, mənə görə yaxşı xəbərlərdən  biri ondan ibarətdir  ki, bu tədris ilində - sentyabr ayından başlayaraq pandemiyanın dinamikasını düzgün proqnozlaşdıra bildik. Artıq dekabr  ayı  bitmək üzrədir və həmin o proqnoz nəticəsində tam inamla deyə bilərik ki, 2021-ci ilin sonunu ənənəvi təhsili  arası  kəsilmədən təhsil müəssisələrimizdə təşkil edə bildik. Azərbaycan məktəbindən - 1 milyon 600 minə qədər olan şagirdi  əhatə edən bir sistem, o cümlədən də 200 minə yaxın tələbəsi olan ali təhsil sistemi, orta ixtisas və peşə məktəbləri ilə birlikdə biz 2 milyondan artıq təhsil alan və təxminən 300 minə yaxın təhsil verənlərdən,  təhsil işçisindən   danışırıq. Və nəticə etibarı ilə  2 milyon 300 minə yaxın  insanı əhatə edən  böyük bir  təhsil sisteminin gündəlik ənənəvi və yaxud da ənənəviyə çox yaxın qaydada tədrisini təşkil etməyimizi  ilin uğurlu hadisəsi hesab edirəm.

 

Təbii ki, bu uğura  təhsil işçilərinin, təhsil müəssisələrində işləyən insanların vaksinasiyada  fəal iştirakı nəticəsində nail ola bildik. Bu gün 90 faizdən artıq təhsil işçisi 2 doza  vaksinasiyadan keçib. Hazırda buster doza ilə bağlı  iş davam etdirilir. Biz  əvvəl də bunu qeyd edirdik ki, təhsilin ənənəvi qaydada təşkili üçün yeganə şərt təhsil işçilərinin vaksinasiyasıdır. Mən sizin efir vasitəsi ilə bir daha həmin insanlara öz dərin minnətdarlığımı bildirirəm ki, məhz  fəal iştirak nəticəsində övladlarımızı təhsillə əhatə edə bildik. Əlbəttə ki, cəmiyyətin də burada böyük rolu var.

 

Ümumiyyətlə, biz peyvəndlənmə faizinə görə ən irəlidə olan ölkələrdən biriyik. Amma proses yenə də davam etməlidir ki, bu uğuru yarımçıq kəsməyək. O ki qaldı əldə olunan təcrübələrə, distant təhsilə, istər onlayn platformaların yaradılmasına, istər Azərbaycanda mövcud məzmunu əhatə edən videodərslərin hazırlanmasına. Burada da fürsətdən istifadə edib Təhsil Nazirliyi ilə uğurlu əməkdaşlığına görə Azərbaycan Dövlət Televiziyasına təşəkkürümü bildirirəm.  Azərbaycanda milyonlarla insana həmin dərsləri çatdırdıq. Ən yaxşı müəllimləri üzə çıxartdıq. Digər müəllimlərimiz üçün nümunəvi dərslər yarada bildik. Bu dərslər onlayn yerləşdirilib. Hətta pandemiyadan kənar müddətdə də yəqin ki, insanlar bundan faydalana  biləcəklər.

 

Pandemiya bitməyib, bunu unutmamalı və qaydalara riayət olunmalıdır. Xüsusilə də qarşıdan gələn yanvar, fevral aylarında daha diqqətli olmalıyıq. Çünki qış ayları üçün xarakterik olan  ənənəvi xəstəliklərlə yanaşı, qapalı şəraitdə  daha çox insanın olması da bu prosesə  təsir edə bilər.

 

Amma yenə də inandığım budur ki, seçilmiş model, yəni dərslərin bir az gec başlaması və ortada tətil günlərinin  həmin dərs günləri ilə əvəzlənməsi uyğun bir qərar idi. Azərbaycanda tədris ili gec başlasa da, davamlılığı təmin edildi. Mövcud vəziyyətə uyğun   ayrı-ayrı məktəblər  2 həftəlik distant təhsilə keçmişdir. 4400-dən çox məktəbimizdən 2 həftəlik distant təhsilə keçən ümumtəhsil müəssisələrimizin sayı 100-ə (70-80 arası)  heç çatmayıb. Yəni, bu qədər müəssisədə ənənəvi təhsilin təşkil edilməsi sadaladığım rəqəmlərin fonunda kifayət qədər Azərbaycan cəmiyyəti, təhsil ictimaiyyəti, bütün müəllim və valideynlərimiz üçün uğurlu nəticə  hesab olunmalıdır.  

 

Pandemiya şəraitində təhsilin fərqliliyi

 

- Bəziləri pandemiyaya  problem kimi yanaşır və daha çox onun neqativ nəticələrinə köklənir. Amma bəzi, belə deyək,  optimistlər isə pandemiyanı  həm də müsbət tərəflərdən şərh edirlər. Pandemiyanın sırf təhsil sahəsinə yeni  əlavə  təcrübələr qazandırdığını  söyləyə bilərikmi?

 

- Birmənalı olaraq söyləyim ki,  istənilən çətinlik  bu və ya digər sistemi  əgər biz onu keçib bitiririksə o sistemi möhkəmləndirir, zəiflətmir. Bu mənada distant təhsil, videodərslərin çəkilməsi, müəllimlərimizin distant təhsil vərdişlərinin, bacarıqlarının formalaşması, ümumiyyətlə, dərsə cəlb oluna bilməyən şagirdin hansı alternativ üsullarla öyrənməsinin təmin edilməsi baxımından əldə olunan nailiyyətləri qeyd etdim. Amma  eyni zamanda da düşünürəm xüsusilə pandemiya şəraitində  İkinci Qarabağ müharibəsinin baş verməsi Azərbaycan cəmiyyətinə, o cümlədən təhsil sisteminə birlikdə olmağı, bir yerdə  bu və ya digər çağırışa, problemə necə sinə gərməyi də öyrətdi. Və əminliklə deyə bilərik ki, insanlarımız bir-biri ilə daha çox əməkdaşlıq etməyi, daha yaxşı ünsiyyət qurmağı öyrəndilər. Bu, olduqca vacib bir məsələdir.

 

Son 1 il təhsil sahəsində hansı yeniliklərlə yadda qaldı?

 

- Ümumiyyətlə götürsək, 2021-ci ili  təhsil sahəsində uğurlu il kimi qiymətləndirə bilərikmi? Pandemiya reallığını kənara qoysaq biz hansı yenilikləri əldə edə bildik?

 

- Təbii ki, təhsil sahəsində  bir sıra işlər həyata keçirilib, nailiyyətlər əldə olunub. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən Azərbaycanın uzunmüddətli inkişafını təmin edə biləcək təhsillə bağlı  fərman və sərəncamlar imzalanıb. İstərdim  bunlar və digər məsələlər  haqqında danışım.

 

2021-ci ildə dövlət başçısı  İlham Əliyevin fərmanı ilə Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti  Fondu yaradıldı. Təhsil tələbə krediti üçün müraciətlərin qəbuluna başlanılıb. Artıq bu ilin sonuna qədər 4000  gənc təhsil kreditindən yararlanmaq üçün müraciət edib. Bu rəqəmin bir az da artacağını gözləyirik. Növbəti həftədə biz Azərbaycanın təhsil  tarixində ilk təhsil tələbə kreditlərini gənclərimizə verə biləcəyik.

 

İkinci mühüm məsələ,  Azərbaycan gənclərinin xaricdə təhsili ilə bağlı cənab Prezidentin müvafiq tapşırığı əsasında  hazırlanan  Dövlət Proqramıdır. Yaxın günlərdə bu proqram  təsdiq olunarsa,  biz növbəti ildən yenidən Azərbaycan gənclərinin xaricdə təhsili ilə bağlı Dövlət Proqramının icrasına  başlayacağıq. Bundan əlavə təhsil sistemində bir sıra layihələr uğurla davam etdirilib. Təhsilin maddi-texniki bazası gücləndirilir. Belə ki, 88 məktəb tikilib və ya əsaslı şəkildə təmir olunaraq istifadəyə verilib.

 

Eyni zamanda, kiçikyaşlı uşaqlarla, məktəbəqədər  təhsillə bağlı  baş verən böyük dəyişikliklərdən biri icma əsaslı məktəbəqədər təhsil qruplarının  təşkilidir. Ölkəmizdə məktəbəqədər təhsil müəssisələri ilə əhatə olunmayan yerlərdə, müəyyən kəndlərdə  bu günə qədər  850-dən artıq icma əsaslı məktəbəqədər təhsil qrupları təşkil olunub. Burada  16000-dən artıq uşaq təhsilə cəlb olunub. Həmin qrupların təşkili nəticəsində 780-ə  qədər yeni iş yeri yaradılıb ki, bu da qadınların işlə təmin edilməsinə  müsbət təsirini göstərib. O cümlədən bu il Azərbaycan tarixində maksimal sayda  gənc  tələbə adını qazanıb. Biz  bakalavr  və magistratura səviyyələrində  çox yüksək qəbul planlarını  görürük. Başqa bir  müsbət nəticə müəllimlərin işə qəbulu ilə bağlıdır. Belə ki, bu il 10 mindən artıq insan işlə təmin edilib. Təbii ki, bu  da böyük rəqəmdir.

 

Ali təhsil sahəsində bir sıra beynəlxalq layihələrimiz uğurla davam edir. 4 beynəlxalq ikili diplom proqramı - Cənubi Koreya Respublikasının İnha Universiteti,  ABŞ-ın Corc Vaşinqton Universiteti ilə iki proqram və Türkiyənin Ege Universiteti ilə proqramlarımız davam edir.

 

Türkiyə universitetlərindən danışmışkən, artıq məlumatınız var ki,  dekabrın 2-də  Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Erol Özvarı ilə  dövlət başçısı cənab İlham Əliyevin qəbulunda Türk-Azərbaycan Universitetinin yaradılması məsələsini konkret olaraq müzakirə etdik.

 

Bilirsiniz ki, dövlət başçısı tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun yaradılması haqqında 14 iyul 2021-ci il tarixli fərman imzalanmışdır. Və artıq Təhsilin İnkişafı Fondu ilə  müəyyən layihələrin həyata keçirilməsini planlaşdırırıq.

 

Başa vurduğumuz  ili  mənə görə, Azərbaycan təhsilində  uğurla həyata keçirilən  STEAM  ili də  adlandıra bilərik. 2021-ci ildə STEAM layihəsi 302 ümumtəhsil məktəb və 10 STEAM Mərkəzini əhatə edib. 100 mindən artıq şagird STEAM tədrisinə cəlb edilib. 9-10 dekabr tarixlərində Təhsil Nazirliyi Təhsil İnstitutu ilə birlikdə ölkəmizdə ilk dəfə “STEAM Azərbaycan Festivalı 2021”  təşkil etdi. İlk dəfə təşkil edilən festivalın keçirilməsində məqsəd müxtəlif ideyaları ilə fərqlənən istedadlı və yaradıcı şagirdlərin aşkar olunması, təhsilalanlar arasında yeni əməkdaşlıq və ünsiyyət imkanlarını inkişaf etdirmək idi.  STEAM festivalında gördük ki, bizim Azərbaycan məktəblərində nə qədər istedadlı uşaqlarımız və  innovasiyalar var. Tədris ilinin sonuna  qədər  15 STEAM Mərkəzini istifadəyə verməyi planlaşdırırıq.

 

Son illərdə peşə təhsilinə maraq artıb. Belə ki, peşə təmayüllü  siniflərimizin sayının artması, ümumiyyətlə, peşə təhsilinə olan istəyin və bu il peşə təhsilinə qəbul  olan uşaqların maksimal sayda olması, ötən illə müqayisədə 12 faiz  artması bizi çox sevindirir. İlk dəfə olaraq yüksək texniki peşə  təhsilinə başlanılması peşə təhsili müəssisələrinin tələbələri üçün təhsillərini davam etdirmək və ali təhsil almaq baxımdan yeni imkanlar açır. 

 

Həyata keçirdiyimiz “Rəqəmsal bacarıqlar” layihəsi   bu il daha çox şagirdin əhatəliliyi baxımından uğuru olub. Layihə 190 min şagirdi əhatə edir. Təbii ki, bütün bu layihələr və əldə olunan nailiyyətlər əsasən Azərbaycan məktəbinə yeniliklərin gəlməsi ilə əlaqədardır.

 

Mən  azərbaycanlı şagirdlərin olimpiada nailiyyətlərini də xüsusi qeyd etmək istərdim. 2021-ci ildə  məktəblilərimiz 15 müxtəlif  beynəlxalq olimpiada və müsabiqələrdə iştirak edib. Şagirdlərimiz  6 qızıl, 16 gümüş, 33 bürünc medal olmaqla, ümumilikdə 55 medal qazanıblar.

 

Azərbaycan beynəlxalq qiymətləndirmələrdə iştirak edir. Yəni, biz təhsil sistemi olaraq nədənsə kənarda qalmağı, nəyisə gizlətməyi sevmirik və yaxud da istəmirik.  Amma təbii ki,  sistem böyük olduğuna görə hələ də həlli vacib məsələlər var. Bunları da danmırıq. Bizim inandığımız  budur ki, elə həll yolları, mexanizmlər var ki, onların tətbiqi bir deyil, yüzlərlə, minlərlə adamın problemini eyni anda həll edə bilər. Biz o mexanizmləri tətbiq etməsək həmin fərdi problemlər həmişə olacaq və bununla sadəcə olaraq həyatımızı və zamanımızı onların həllinə  sərf  edəcəyik.

 

Təhsil tələbə krediti

 

- Təhsil tələbə kreditləri. Emin müəllim, əslində bu, sosial sifarişdir. Siz də razılaşarsınız, çoxdan gözlənilən bir xəbər idi. Bunu şərtləndirən əsas amillər nədən ibarətdir?

 

- Cəmiyyətdə təhsil tələbə kreditinin  hələ də tam mahiyyəti və mənası başa düşülmür. Ən bəsit və sadə şəkildə desək, təhsil tələbə krediti  ali təhsil almaq istəyən, amma bunun üçün maddi imkanı olmayan şəxs  üçün əlavə bir imkandır. Düşünürəm ki, təhsil tələbə krediti minlərlə Azərbaycan gəncinə daha asan yolla təhsil almasına imkan yaradacaqdır.

 

Eyni zamanda, bu, maliyyə resurslarının, daha dəqiq desək,  uzunmüddətli vədədə təkrar istifadəsinə imkan verəcəkdir. Yəni, tələbə bu gün kreditini alırsa, müəyyən vaxtdan sonra işləyərək həmin krediti geri qaytardıqdan sonra o maddi vəsaitlə növbəti dəfə başqa bir adamın təhsil almasına imkan yaradırıq. Yəni, əsas fərqlərdən biri budur.

 

Bazar iqtisadiyyatı kreditsiz mümkün deyil. Biz əgər bazar iqtisadiyyatından danışırıqsa  və bu iqtisadiyyata şüurlu şəkildə keçidi nəzərdə tuturuqsa, burada 2 vacib məsələ çox önəmlidir. Biri, fərdin məsuliyyəti - yəni fərdin verdiyi qərarlardır. Hər bir şəxs özü ilə bağlı daha ciddi məsuliyyət daşıyır, nəinki başqa adamlar onunla bağlı. Yəni, hər bir insanın özündən olan gözləntisi daha yuxarı olmalıdır, nəinki həmin insanın başqa adamlardan olan gözləntisi. Bu, məncə çox vacibdir. Və burda fərdi məsuliyyət nədən ibarətdir? Hər bir şəxs ali  təhsil almaq, özünün növbəti həyatını,  karyerasını formalaşdırmaq istəyir və bunun  məsuliyyətini də dərk edir. Ona necə deyərlər, bu imkanı yaratmaq məsələsi Təhsil Nazirliyinin funksiyası, vəzifəsidir. Və biz deyirik, bu imkanı tələbə krediti ilə yaradırıq.

 

Təhsil tələbə krediti  ali təhsil müəssisələrimiz üçün böyük imkandır. Bilirsiniz ki, bir çox hallarda tələbələrlə ali təhsil müəssisələri arasında ödəmə problemləri yaranırdı. Tələbələrin vaxtında  öz təhsil haqlarını ödəyə bilməmələri barədə məsələ qaldırılırdı. Bu da bir imkandır ki, ali təhsil müəssisəsi arası kəsilmədən maliyyələşməsini təmin etsin. Bu, həm də ali təhsil müəssisəsinin inkişafı deməkdir, burada çalışan müəllimlərin əməkhaqqısı məsələsidir və s. Təhsil tələbə kreditləri ilə bağlı məsələ bizim üçün yenidir. Düşünürəm ki, 3-5 ildən sonra  biz təhsil tələbə kreditlərinin ali təhsilə olan təsirləri  haqqında daha ətraflı  danışa bilərik. Yəni, təhsil tələbə krediti vermədən ali təhsil alanlara təsirləri haqqında danışmaq yalnız mülahizə və proqnoz xarakteri daşıyır. 

 

Kiçik faizlərlə və uzun müddətə

 

- Ümumiyyətlə, bu cür maliyyə mənbələri haradan formalaşır?

 

- Hələ ki, ilkin mərhələdə bu, Azərbaycan Respublikasının dövlət büdcəsindən  ayrılır. Təbii ki, bu kreditlər mənfəətli kreditlər deyildir. Dövlət bundan mənfəət əldə etmir. Kreditlərin faizi bildiyiniz kimi, 2 və 6% olaraq müəyyən edilmişdir. Çox aşağı faizdir və 20 il müddətinə qaytarılacaq.  İqtisadi dildə desək, pulun real dəyərindən daha aşağıdır. Təhsil tələbə kreditinin sosial və standart növləri var. Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə biləcəklər. Standart kredit növündən yararalanmaq istəyən tələbələr üçün də müvafiq şərtlər açıqlanıb.

 

- Nəzarət mexanizmi bir qədər arxa plana keçməyəcəkmi?

 

- Xeyir, çünki Təhsil Tələbə Krediti Fondu o nəzarəti həyata keçirəcək və burada imzalanmış müqavilə, öhdəliklər  və s. məsələlər öz əksini tapır. Hüquqi baza da var. Amma yenə də əsas məsələ imkan məsələsidir, nəinki öhdəlik. Yəni, biz istəyirik ki, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etməklə, daha çox sayda gəncimizin ali təhsil almasına  imkan və şərait yaransın. 

 

Əsas hədəflər...

 

- 2022-ci ildə Təhsil Nazirliyi olaraq sizin əsas prioritetləriniz nədən ibarətdir?

 

- Təhsil sistemi çox böyük olduğuna görə bizim hər zaman diqqətdə saxladığımız  məsələ səmərəliliyi artırmaq, vətəndaşlarla ünsiyyətimizi düzgün qurmaqdır. Burada çox ciddi maarifləndirmə işinə ehtiyac var. Çalışırıq ki, açıq şəkildə qeyd edək  ki, biz Təhsil Nazirliyini  əgər fərdi problemlərin və şikayətlərin həlli bürosuna çevirsək, ola bilər ki, 150-200 adamın hansısa suallarına daha tez  cavab verək,  amma yaxşı təhsil sistemi qura bilməyək. Bu, o demək deyil ki, biz vətəndaş müraciətlərinə baxmırıq. Sadəcə olaraq  vətəndaşlar öz müraciətlərini və şikayətlərini aidiyyatı qaydada  etməlidirlər ki, həm onların şikayətlərinə  tez baxa, həm də üzərimizə düşən digər vəzifələri yerinə yetirə bilək. Və  inandığım ondan ibarətdir ki, əgər biz ciddi şəkildə təhsil islahatı aparmaq istəyiriksə və yaxud aparmaqdayıqsa, bu halda cəmiyyət, valideyn və vətəndaşlar həmrəy olmalı və  müəyyən mənada həmin məqsədə doğru getməliyik. Burada ayrı-ayrı  fərdlərin kənara çıxıb öz problemini tez  həll edib, bütövlükdə sistemdə nə baş verirsə-versin təfəkküründə olması  qəbuledilməzdir. Düşünürəm ki, Təhsil Nazirliyi üçün əsas prioritetlərdən biri də yerlərdə təhsilin idarəetməsinin təkmilləşdirilməsidir. Yəni, həqiqətən də Təhsil Nazirliyinə gələn müraciətlərin 99 faizi yerində həll oluna bilən problemdir. Ya məktəb direktoru tərəfindən, ya rayon təhsil idarəsi tərəfindən və yaxud ali təhsil, peşə təhsili müəssisələri  rəhbərləri  tərəfindən tez həll edilə bilər. Yəni, bunu yerində həll etmək mümkündürsə, sual olunur, niyə görə həll olunmur. Və bu, yalnız vətəndaşa  deyil, həm də bizim həmkarlarımıza olan sualımızdır. Çünki düşünürəm ki, hamının  öz işini vaxtında və düzgün görməsi olduqca vacibdir. Ona  görə istər vətəndaş müraciətləri, resurslarla, məktəblərin idarəedilməsi, istərsə də  təminat  və digər məsələlər ilə bağlı  səmərəliliyin artırılması  mütləqdir. Yəni biz hər bir problemin həllini vətəndaş  nazirlik və yaxud da ki, yer  nazirlik görürüksə  heç vaxt səmərəli  nəticəyə nail ola bilməyəcəyik. Bu, mümkün deyil. Bizim məqsədimiz nədir? Problemi həll etməkdirsə onda biz bunun düzgün həll yolunu axtarıb tapmışıq və yaxud da tapa bilirik. Bunun həll yolu yerlərdədir. Uşağın 3-cü  yox, 1-ci partada oturması ilə bağlı istək məncə Təhsil Nazirliyində həll edilməməlidir. Və yaxud da ki,  2 yaşlı və ali təhsilli insan arasındakı fərdi konflikt  nazirlikdə hakim rolunu oynayan məmur tərəfindən həll olunmamalıdır. Bu məsələləri yerlərdə həll etmək mümkündür. Cəmiyyətimizdən də  bir qədər gözləntimiz bundan ibarətdir ki, yerlərdə daha çox əməkdaşlıq və qarşılıqlı inamı artıraq. Bu il də  təhsilin ən müxtəlif pillələrində həyata keçirdiyimiz  layihələr davam edəcək, ümumtəhsil müəssisələrində təhsilin keyfiyyətinin artırılması ilə bağlı müəyyən işlərin həyata keçirilməsi nəzərdə tutulur. Məktəblərə daha çox innovativ məzmunu tətbiq etmək, STEAM dərslərə yer verilməsini planlaşdırırıq. Onu da qeyd edim ki, bu il biz Azərbaycanın təhsil tarixində maksimal sayda kompüterlər almışıq. Və növbəti illərdə şagird -kompüter nisbətini  6:1-ə  çatdırmağı  düşünürük. Bu isə öz-özlüyündə artıq rəqəmsal qiymətləndirmə,  summativ testlərin rəqəmsallaşması, elektronlaşmasıdır. Bunlar  bizə valideynlərlə ünsiyyətin daha tez qurulması, onlara övladlarının aldığı qiymətlərin  elektron qaydada  ötürülməsi və bu tipli müxtəlif imkanları  da yaradacaqdır.

 

Ali təhsildə əhatəliliyin, keyfiyyətin, beynəlmiləlləşmənin, ikili proqramların artırılması  da bizim qarşıya qoyduğumuz əsas hədəflərimizdəndir.

 

Peşə təhsilinin inkişafı da bizim diqqətdə saxladığımız ən prioritet istiqamətlərimizdəndir. Peşə təhsili müəssisələrinə 2022-ci ildə  qəbul sayının artırılmasını gözləyirik. Qısamüddətli  peşə  təlimləri haqqında danışmaq imkanımız olmadı. Bu il ilk dəfə pilot olaraq  biz 1000-ə yaxın gənci  bu təlimlərdən keçirmişik. Və görünən budur ki, 3-6 ay ərzində kursu bitirdikdən sonra  işə düzəlmə 50 faizdir. Məqsədimiz üzümüzə gələn təzə ildə daha çox insanı bu kurslara cəlb etmək və peşə təhsili müəssisələrini irəliyə doğru aparmaqdır. Məsələn, Azərbaycan və Koreya hökumətləri arasındakı razılaşmaya uyğun olaraq, Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə yaradılan  Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə bağlı  yaxşı xəbər odur ki, ilk  dəfədir  bu təhsil müəssisəsinə qəbul olunmaq istəyənlərin sayı çox olsa da artıq yer yoxdur.

 

Bilirsiniz ki, oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bərdə Peşə Liseyinin açılışında iştirak edib. Həmin liseyin regional formatda olmasını planlaşdırırıq.

 

Təbii ki, 2022-ci il üçün  ən böyük planlarımızdan  biri işğaldan azad olunmuş ərazilərdə ilin sonuna qədər məktəblərin tikilməsidir. Cənab  Prezidentin müvafiq sərəncamına  əsasən  Şuşa şəhərində 1 nömrəli tam orta məktəbin tikilməsini planlaşdırırıq. Ağdam şəhərində məktəb tikintisinə başlayırıq.  Cəbrayılda da ümumtəhsil müəssisəsinin tikintisinin planlaşdırılması gedir. O cümlədən digər şəhər və kəndlərdə də  yeni təhsil müəssisələrinin tikilməsi  nəzərdə tutulur.  Bilirsiniz ki, Zəngilanda  Ağalı kəndinin təməl daşı qoyulub. Bu, böyük qayıdışın birinci addımıdır. Burada da çox böyük qürur və fəxr hissi ilə qeyd etmək istərdim ki, artıq məktəbin necə fəaliyyəti ilə bağlı planlar var. Yəni, deməyim ondan ibarətdir ki, 2022-ci ilə çox  böyük ümidlər, arzular və planlarla  daxil oluruq. Və mən  fürsətdən istifadə edib bütün təhsil işçilərimizə yeni ildə uğurlar arzulayıram.

 

- Bizə vaxt ayırdığınız üçün sizə təşəkkürümüzü bildiririk.