Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrindən ibarət “Crocusoft” şirkətinin mobil komandası "NETTY-2021" Azərbaycan Milli İnternet Mükafatına layiq görülüb.
Komandanın hazırladığı "Smart Customs" tətbiqi “İlin mobil tətbiqi” seçilərək "Dövlət və Cəmiyyət" nominasiyasında qalib olub. Tələbələrin hazırladığı tətbiq 300 mindən çox yüklənmə sayı, 5 min rəy və 4.9 reytinqlə önə çıxıb. “Crocusoft” komandasının proqramçıları BANM-in müxtəlif ixtisaslarının tələbələri - Mirkamal Qasımov, Aynur Əsədova, Elman Şükürov və Mirnicat Cabbarlıdır.
Qeyd edək ki, Azərbaycan Milli İnternet Mükafatında NETTY akademikləri 2021-ci ildə müsabiqədə iştirak edən milli veb-saytlar, sosial səhifələr, proqramlar arasında ən yaxşılarını seçiblər. Ekspert Şurasının və virtual münsiflər heyətinin səsvermə nəticələrinə əsasən, iştirakçı saytların siyahısından mükafatların nominantları olan veb-saytlar, proqramlar və İT layihələr seçilib.
Xatırladaq ki, 2004-cü ildə təsis edilən, 2005-ci ildən keçirilən NETTY Azərbaycan Milli İnternet Mükafatı Ümumdünya Şəbəkəsinin milli seqmentinin və İT bazarının inkişafı üçün yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.