Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) payız semestrinin qış imtahan sessiyası başlayıb.  

 

Universitetdən bildirilib ki, əyani formada təşkil olunan imtahan sessiyası təsdiqlənmiş imtahan cədvəlinə əsasən, magistratura səviyyəsində test və şifahi, bakalavr səviyyəsində yazılı, test və yaradıcılıqla bağlı fənlər üzrə ənənəvi qaydada keçirilır. Yazılı imtahan işlərinin şifrələnməsi, işlərin qiymətləndirilməsi üçün ekspertlərə təqdim olunması, yoxlama prosesinə nəzarət, şifrələrin açılması, universitetin elektron səhifəsinə daxil edilməsi işləri üzrə rektorun əmriylə universitetin müəllimlərindən, əməkdaşlarından ibarət işçi qrup formalaşdırılıb. Eyni zamanda, imtahanların idarə olunması üçün gənc müəllimlərdən və tədris-köməkçi heyətdən ibarət Nəzarət Qrupu yaradılıb.

 

Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların, neqativ halların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə AzMİU-nun rəhbər və məsul şəxslərindən, universitetdə fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələrindən ibarət İmtahan Qərargahı formalaşdırılıb. İmtahan sessiyası dövründə birbaşa rektorun özünün sədrliyi ilə yaradılmış Münaqişə Komissiyasında imtahan bitdikdən sonra nəticələrlə bağlı şikayətlərə baxılacaq və aşkar edilmiş çatışmazlıqlar aradan qaldırılacaq.

 

İmtahan sessiyası fevralın 3-dək davam edəcək.