Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 1-ci Beynəlxalq Yay Məktəbinin iştirakçıları  Gəncə “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar. Mərkəzin direktor müavini Altay Ələsgərov “Azərbaycan brendi-“ASAN xidmət” mövzusunda təqdimat edərək bildirib ki,  ölkədə “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılmışdır. O, bildirib ki, Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur. Bu gün “ASAN xidmət” bir Azərbaycan brendi olaraq dünyada tanınır. Məhz bunun nəticəsidir ki,  26 iyun 2015-ci il tarixində Kolumbiyanın Medellin şəhərində 2015-ci il Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətlərinin göstərilməsi sahəsində qaliblərin mükafatlandırılması mərasimində “ASAN xidmət” “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək 1-ci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub.

 

Sonra iştirakçılara Mərkəzdə təklif olunan xidmətlər, “ASAN könüllülük” məktəbi, “Səyyar ASAN” barədə və digər zəruri informasiyalar verilib. İştirakçılar “ASAN xidmət”in doğrudan da Azərbaycanın yeni bir brendi olduğunu qeyd ediblər.