Təhsil Nazirliyi və “Edumedia” şirkətinin birgə təşkilatçılığı ilə noyabr – dekabr aylarında “PolyUp” Azərbaycan müsabiqəsi keçirilib.  

 

IV-XI sinif şagirdləri üçün təşkil olunmuş müsabiqənin cari il üzrə mövzusu “Tullantıların təkrar emalının idarə edilməsi” adlanıb. Şagirdlər platformada mövzu üzrə sinif səviyyələrinə uyğun müxtəlif tapşırıqları yerinə yetirib və “Poly” xallar toplayıblar.  Müsabiqənin sonunda ən çox xal toplayan şagirdlər qalib elan edilərək keçirilən “PolyFest” tədbirində dəyərli hədiyyələrlə təltif olunublar.

 

Qeyd edək ki, “PolyUp” Stenford Universitetinin professorları tərəfindən təsis olunmuş süni zəka üzərində işləyən onlayn platforma və riyazi 3D simulyasiya mühitidir. Şagirdlər platformada təşkil olunan müsabiqədə iştirak etməklə, dayanıqlı enerji, süni zəka, kriptoqrafiya tətbiqlərində robot texnologiyaları, mühəndisliyi, riyaziyyatı və digər müxtəlif sahələri kəşf edib, eləcə də yaradıcılıq bacarıqlarını nümayiş etdiriblər.