Bakı Mühəndislik Universitetinin (BMU) iqtisadiyyat və idarəetmə fakültəsində ötən semestrin nailiyyətlərini qiymətləndirmək məqsədilə ənənəvi “Maliyyə Günü-2021” tədbiri və “Rəqəmsal keçid və elmi texnoloji inkişafın sürətləndirilməsi zəruriliyi” kitabının təqdimat mərasimi olub.
Fakültənin dekanı, dosent Mayis Əzizov təhsil alanların semestr fəaliyyətlərinin qiymətləndirilməsi baxımından bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini önə çəkib, tələbə və məzunların yüksək təhsil, karyera nailiyyətlərinə toxunub.
Sonra 2020/2021-ci tədris ilinin yaz semestrində akademik qiymətləndirmənin nəticəsinə görə yüksək nailiyyət qazanmış tələbələrin adları açıqlanıb. Maliyyə ixtisası üzrə ən yüksək ortalama göstəricisi olan 4-cü kurs tələbəsi Şahnaz Hüseynova ixtisas birincisi elan edilib.
Birinci yeri tutan tələbələrə təşəkkürnamə və hədiyyələr təqdim olunub.
Daha sonra Maliyyə kafedrasının professoru Saleh Məmmədovun müəllifi olduğu “Rəqəmsal keçid və elmi texnoloji inkişafın sürətləndirilməsi zəruriliyi” kitabının təqdimatı baş tutub.
S.Məmmədov çıxışında BMU-nun ölkədə fəaliyyət göstərən universitetlər sırasında öz birinciliyini qoruyub saxladığını, burada çalışan mütəxəssislərin daima fərqləndiyini vurğulayıb. Professor BMU-da tədris planları, tədris materialları və dərsliklərin ən yeni texnologiyalara uyğun tərtib olunduğunu deyib. O, rəqəmsal texnologiyaya keçidin hər bir ölkənin iqtisadi və siyasi inkişafında böyük əhəmiyyət kəsb etməsindən, eləcə də üstünlüklərindən danışıb.
S.Məmmədov müəllifi olduğu kitabda bütün sahələrdə və beynəlxalq münasibətlərdə rəqəmsal keçidin uğurla başa çatdırılmasının araşdırıldığını bildirib. Nəşrdə elmi və texnoloji inkişafın yüksək səviyyəyə qaldırılmasının konkret konsepsiyası verilib və bu məqsədlə dünya tarixində ilk rəqəmsal müharibədə - 44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm qələbəsində elm və texnologiyanın rolu göstərilib.
Bununla yanaşı, kitabda rəqəmsal keçidin süni intellektin məhsulu olmasına baxmayaraq, onun da insan amili ilə sıx əlaqədə olduğu nəzərə çatdırılıb. Eyni zamanda, rəqəmsal keçid prosesində çoxsaylı yeni elmlər və ixtisaslar üzrə kadr hazırlığına başlanması zərurəti də əsaslandırılıb.
BMU-nun elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov maliyyə ixtisasının universitetdə özünəməxsus yer tutduğunu bildirib, bu ixtisasla bağlı tədbirin keçirilməsini yüksək qiymətləndirib.