Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun “Qarabağın coğrafiyası: təbii şərait və resurs potensialı” adlı yeni nəşri çapdan çıxıb.
Kitab institutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminovun baş redaktorluğu, institutun 12 alimindən ibarət redaksiya heyətinin iştirakı ilə hazırlanıb.
10 fəsli əhatə edən monoqrafiya Azərbaycanın tarixi-coğrafi bir hissəsi olan Qarabağ və Şərqi Zəngəzur ərazisinin coğrafi mövqeyinin təbii şəraitə və sosial-iqtisadi inkişafa təsirini, müasir fiziki və iqtisadi-coğrafi problemlərini, eləcə də tarixi və toponimikasını ətraflı işıqlandıran fundamental, tətbiqi xarakter daşıyan elmi əsərdir.
Çoxsaylı xəritə, şəkil, qrafik və faktiki statistik materialların qarşılıqlı müqayisəli təhlili nəticəsində hazırlanmış cədvəllərin əksini tapdığı kitabda ərazisinin geoloji quruluşu, paleocoğrafiyası, relyefi və əsas oroqrafik vahidləri ətraflı araşdırılıb, relyefinin əsas xüsusiyyətləri göstərilib, ekogeomorfoloji qiymətləndirilməsi aparılıb, oroqrafiyası, geoloji-geomorfoloji quruluşu, iqlimi, daxili suları, torpaq və bitki örtüyü, heyvanlar aləmi, landşaft müxtəlifliyi geniş təhlil edilib.
Əsər dövlət təşkilatlarının mütəxəssisləri, elmi işçilər, ali məktəblərin professor-müəllim heyəti, bakalavr, magistr, doktorantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.