Son illərdə müasir idarəetmə üsulu ilə diqqət çəkən “166 Yükdaşıma və Logistika” şirkəti növbəti “Logistika Akademiyası” təcrübə proqramının yekun tədbirini keçirib. Tədbirdə ölkənin aparıcı universitetlərinin rəhbər şəxsləri iştirak ediblər.
Üç il ardıcıl olaraq davam edən təcrübə proqramına bu il də ölkənin bir sıra universitetlərinin dördüncü kurs tələbələri, məzunları və magistr pilləsində təhsil alan tələbələr qatılıblar. İştirakçılar 3 ay müddətində şirkətin müxtəlif departamentlərində praktiki, eyni zamanda nəzəri bilik və bacarıqlar əldə ediblər.
Proqramı uğurla başa vuranlara müvafiq sertifikatlar təqdim olunub. Həmçinin, vakant yerlərin sayına uyğun olaraq gənc kadrlar “166 Yükdaşıma və Logistika” şirkətində işlə təmin olunmaq imkanı qazanıblar.
Üç il davam edən “166 Logistika Akademiyası” təcrübə proqramında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 15-ə yaxın tələbə və məzunları iştirak edib. 2019-cu ildən etibarən keçirilən “166 Logistika Akademiyası” təcrübə proqramına, ümumilikdə 4200-dən artıq müraciət qeydə alınıb. Bu müraciətlərdən bütün mərhələləri uğurla keçən 153 nəfər akademiyaya qəbul olunub və onların əksəriyyəti hal-hazırda “166 Yükdaşıma və Logistika” şirkətində müxtəlif departamentlərdə çalışırlar.