Bakı Mühəndislik Universitetində (BMU) Elmi Şuranın növbəti iclası keçirilib.

 

Rektor, professor Havar Məmmədov iclas iştirakçılarını 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib.

 

Rektor  BMU-da il ərzində bir sıra yeniliklərin tətbiq olunduğunu bildirib,  təhsilin keyfiyyətinin yüksəldilməsinə, elmi fəaliyyətin gücləndirilməsinə, insan resurslarının inkişafına, müəllimlərin iş şəraitinin daha da yaxşılaşmasına xidmət edən tədbirlərə toxunub. O, mövcud pandemiya şəraitində tədrisin təşkilinin xüsusi diqqət mərkəzində saxlanıldığını, təlim-tədris prosesinin yüksək səviyyədə təşkil olunduğunu söyləyib.

 

Sonra iclasda universitetin pedaqoji fakültəsinin dekanı, dosent Elşad Abdullayevin “Pedaqoji fakültədə tədris, elmi-tədqiqat və tərbiyə işlərinin təşkili”, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Manafəddin Namazovun “İkili diplom dövlət proqramı üzrə kadr hazırlığının vəziyyəti” mövzularında hesabatları dinlənilib.

 

Toplantıda Elmi Şura üzvlərinin, tədrislə bağlı müvafiq struktur rəhbərlərinin hesabatlarla, həmçinin gündəlikdə duran müxtəlif məsələlərlə bağlı fikirləri dinlənilib, müvafiq qərarlar qəbul edilib, struktur rəhbərlərinə aidiyyəti üzrə tapşırıqlar verilib.

 

Elmi Şuranın iclasında, eyni zamanda BMU əməkdaşlarının əməkhaqlarının artırılması haqqında qərar qəbul olunub.