Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru Rüfət Əzizov və institutun rəhbər heyəti ilə görüşüb. 

 

Rektor Kamal Abdulla rəhbərlik etdiyi təhsil ocağının Təhsil İnstitutu ilə müxtəlif istiqamətlər üzrə sıx əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. ADU-nun tədris, elmi və ictimai istiqamətlərdəki layihələri haqqında məlumat verib, beynəlxalq əlaqələri barədə danışıb. Qeyd olunub ki, hər iki qurum arasında qarşılıqlı maraq doğuran əməkdaşlıq gələcəkdə öz müsbət təsirini göstərəcək.

 

K.Abdulla, eyni zamanda “Azərbaycan multikulturalizmi” fənninin yerli və beynəlxalq universitetlərdə tədrisi məsələsinə toxunub, Azərbaycanın texniki yönümlü təhsil ocaqlarında bu fənnin davamlı tədrisinin məqsədəuyğun olmasına diqqət çəkib.

 

Təhsil İnstitutunun direktoru Rüfət Əzizov rəhbərlik etdiyi qurumun müxtəlif ali və orta məktəblərdə həyata keçirdiyi layihələr haqqında geniş məlumat verib. Bildirilib ki, bura ictimai əsaslı məktəblərin və ixtisasartırma kurslarının təşkili, tələbə və şagirdlərdə tədqiqat bacarıqlarının inkişaf etdirilməsi və s. daxildir. Görüşdə, eyni zamanda xarici dillərin tədrisi metodikasının problemlərinə toxunulub, əmək bazarı ilə düzgün əlaqələrin qurulmasının yolları müzakirə olunub.