Bakı Mühəndislik Universitetində “WorldSkills Shanghai 2022” yarışı haqqında məlumatlandırma sessiyası keçirilib.

 

Universitetin Kompüter və informasiya texnologiyaları istiqamətləri üzrə təhsil alan tələbələri üçün nəzərdə tutulan tədbirdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Proqram idarəetməsi üzrə rəhbəri Şəhriyar Seyfəlili, “WorldSkills Azerbaijan” platformasının layihə rəhbəri Tamerlan Məmmədov və “WorldSkills Azerbaijan” platformasının Kommunikasiya üzrə meneceri Esmira İsgəndərova çıxış ediblər.

 

Çıxışlarda platformanın fəaliyyəti, görülən işlər və kibertəhlükəsizlik üzrə milli yarışla bağlı vacib məqamlar iştirakçıların diqqətinə çatdırılıb. Tələbələrə yarışın qeydiyyat prosesi və mərhələləri barədə ətraflı məlumat verilib.

 

Bildirilib ki, 3 mərhələdən ibarət yarışda 25 yaşa qədər olan gənclər iştirak edə bilərlər. Yarışın sonunda ən yaxşı nəticə göstərən iştirakçılar kibertəhlükəsizlik üzrə “WorldSkills Azerbaijan” platformasının yığma komandasına daxil olaraq “WorldSkills Shanghai 2022” beynəlxalq yarışının hazırlıq prosesinə cəlb ediləcək. Seçilmiş 2 iştirakçı 2022-ci il 12-17 oktyabr tarixlərində “WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında Azərbaycanı təmsil etmək hüququ qazanacaq. Yarışa müraciətlər dekabrın 28-dək qəbul edilir.

 

Müsabiqə Peşə Təhsili üzrə Dövlət Agentliyi və “WorldSkills Azerbaijan” platformasının əməkdaşlığı çərçivəsində həyata keçirilir.

 

Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

 

Qeyd edək ki, “WorldSkills Azerbaijan” peşəkar və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.