Gəncliyə Yardım Fondu, Dünya Gənc Türk Yazarlar Birliyi, Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti, Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Türkiyə-Azərbaycan qardaşlığına həsr olunmuş “İstiqlal” Gözəl Şeir Oxuma müsabiqəsi keçirilib. Müsabiqədə Azərbaycanın müxtəlif universitetlərində təhsil alan gənclər, o cümlədən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri də iştirak ediblər.
İki hissədən ibarət müsabiqənin birinci hissəsində iştirakçılar Azərbaycan və Türkiyənin tanınmış şairlərinin əsərlərini, həmçinin, öz müəllifi olduqları şeirləri səsləndiriblər. Səsləndirmə zamanı hər bir iştirakçı münsiflər heyəti tərəfindən Azərbaycan və türk dilinin qrammatik qaydalarından, bədən dilindən və səs tembrindən düzgün istifadə edilməsi nəzərə alınaraq 1-10 bal arasında qiymətləndirilib. Tədbirin ikinci hissəsində isə qaliblər və müsabiqədə fərqlənənlər müəyyən edilərək mükafatlandırılıb.
Mükafatlandırma mərasimində çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim Azərbaycan və Türkiyə qardaşlığının hər zaman və hər yerdə öz sözünü deməsini, iki qardaş dövlətin dost münasibətlərinin kökünün qədim tarixə söykəndiyini, bunun ortaq ədəbiyyatda da öz əksini tapdığını bildirib.
Daha sonra Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, şair İntiqam Yaşar müsabiqənin gənclərin potensiallarının üzə çıxarılmasında böyük rolu olduğunu və “İstiqlal” Gözəl Şeir Oxuma müsabiqəsinin öz məqsədinə çatdığını vurğulayıb. Qeyd edək ki, müsabiqədə birinci və ikinci yerlərə ADMİU-nun tələbələri layiq görülüb. Xəzər Universitetinin tələbəsi III yerə çıxıb.
Müsabiqə iştirakçılarına fərqlənmə diplomları, iştirakçı sertifikatları və hədiyyələr təqdim olunub.