Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının iclasında “2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında”, “Pedaqoi fakültənin fəaliyyəti haqqında”, “Magistratura səviyyəsində tədrisin təkmilləşdirilməsi haqqında” hesabatlar dinlənilib.

 

Hesabatlardan sonra MDU-nun rektoru Şahin Bayramov pandemiyanın davam etdiyi bir şəraitdə professor-müəllim, inzibati-idarə, tədris-köməkçi və texniki heyətinin, habelə tələbə və magistrantların yüksək həmrəyliyi, böyük əməyi sayəsində tədris prosesinin uğurla təşkil edildiyini və imtahan sessiyasına hazırlığın qənaətbəxş səviyyədə olduğunu bildirib, qarşıda duran vəzifələrin icrası ilə əlaqədar müvafiq tapşırıqlarını verib.

 

Tədris, elm, idarəetmə, beynəlxalq əməkdaşlıq, sənaye ilə işbirliyi, tələbələr və məzunlarla iş, sosial fəaliyyət və digər istiqamətlərdə universitetdə əldə edilən nailiyyətlər haqqında ətraflı məlumat verən Ş.Bayramov cari təqvim ilində tədrisin davamlılığının təmin edilməsini, müxtəlif elm sahələri üzrə bir qrup universitet əməkdaşının elmi dərəcələrə və elmi adlara layiq görülməsini, tələbələrin respublika miqyasında keçirilən yarışmalarda uğurlu nəticələr göstərmələrini, gənclərin startap fəaliyyətinə aktiv cəlb edilməsini, Türkiyə və Ukraynanın qabaqcıl universitetləri ilə əlaqələrin qurulması, inkişaf etdirilməsini, yerli və xarici tərəfdaş ali təhsil müəssisələri, eləcə də sənaye ilə əməkdaşlıq çərçivəsində çoxlu sayda qarşılıqlı faydalı birgə tədbirlərin və layihələrin həyata keçirilməsini, Tələbə Vətənpərvərlik İnkişafı, Karyera və İnkişaf mərkəzlərinin yaradılmasını, universitet layihəsinin Təhsil Nazirliyinin qrantına layiq görülməsini, MDU tarixində ilk elmi jurnalın təsis edilməsini və ilk beynəlxlaq elmi konfransın keçirilməsini xüsusi olaraq vurğulayıb.

 

Sonra MDU-nun strukturunun təkmilləşdirilməsi və yenidən qurulması ilə bağlı təkliflərin hazırlanması məqsədilə rektorun müvafiq əmri ilə yaradılmış İşçi Qrupunun yeni təkliflərinə baxılıb. Milli ali təhsil sisteminin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirləri, dünya ali təhsil məkanında baş verən dəyişiklikləri, universitetin strateji hədəflərini, qabaqcıl yerli və beynəlxalq təcrübəni, müasir və daha səmərəli idarəetmənin təmin edilməsinin zəruriliyini nəzərə alaraq təqdim edilən təkliflər əsasında, MDU-da informasiya Texnologiyaları fakültəsinin yaradılması,  mühəndislik fakültəsinin yenidən qurulması, pedaqoji fakültənin təhsil fakültəsi adlandırılması, Magistratura və Doktorantura Təhsil Mərkəzinin, Dayanıqlı İnkişaf və Regional innovasiyalar Tədqiqat Mərkəzinin yaradılması haqqında qərarlar qəbul olunub.

 

Daha sonra ölkəmizdə ali təhsilə göstərilən yüksək dövlət qayğısı, təhsil işçilərinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması prioriteti və MDU-nun mövcud maliyyə imkanları əsas gətirilməklə, Elmi Şura universitetin professor-müəllim, həmçinin inzibati-texniki heyət üzvlərinin aylıq əmək haqlarının orta hesabla 20 faiz artırılması barədə qərar qəbul edib.