Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Xalq yazıçısı, “Şöhrət” ordenli, görkəmli pedaqoq Əzizə Cəfərzadənin 100 illik yubileyinə həsr olunan sərgi təşkil edilib.  

 

Burada görkəmli ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əzizə Cəfərzadənin zəngin yaradıcılığını özündə əks etdirən nəşrlər sərgilənir. Yazıçının 12 cildlik "Natəvan haqqında hekayələr"i ilə başlayan "Seçilmiş əsərləri"ndə  "Qobustan çökəklərində" romanı, "Qaratel", "Manar sahillərində", "Qoşqar", "Bir zərrə iz..." və başqa povestləri, eləcə də ilk dəfə nəşr edilən qırx hekayəsi yer alıb. 3 hissədən ibarət olan “Bakı-1501”, “Bəla” tarixi romanları, “Azərbaycan qadın şairləri antologiyası”,  “Zərintac-Tahirə”  romanı, ““Gülüstan”dan öncə” tarixi romanı və digər maraq doğuracaq nəşrlər də sərgiyə daxil edilib.

 

2022-ci il yanvarın 15-nə kimi davam edəcək sərgidə yazıçının 35-dən artıq əsəri, onun haqqında yazılmış məqalələr, qəzet və jurnal materialları Azərbaycan və rus dillərində nümayiş olunacaq.