Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə “İqtisadiyyat və idarəetmədə davamlı inkişaf: Problemlər və perspektivlər” adlı II beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb.
İqtisadiyyat, eləcə də idarəetmə sahəsində çalışan alimlər, tədqiqatçılar ilə dövlət və özəl sektor işçilərini bir araya gətirmək, aparılan yeni və fərqli araşdırmaları, düşüncələri bölüşmək, rast gəlinən problemlərə birgə həll yolu tapmaq məqsədi daşıyan konfransda Azərbaycanda fəaliyyət göstərən əksər universitetlərin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra institutlarının tədqiqatçıları iştirak edirlər.
BMU-nun rektoru, professor Havar Məmmədov konfransın Prezident İlham Əliyevin 60 illik yubileyinə təsadüf etdiyini vurğulayıb, dövlət başçısının 18 illik hakimiyyəti dövründə ölkəmizin sürətli inkişaf yolu keçdiyini, bu müddət ərzində qazanılan möhtəşəm nailiyyətlərin zirvəsində 44 günlük Vətən müharibəsində əldə olunan parlaq qələbənin dayandığını bildirib.
Azərbaycanda iqtisadi sahədə keçid dövrünün başa çatmasının və sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının bir sıra nailiyyətlərlə müşahidə olunduğunu söyləyən H.Məmmədov ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu sosial-iqtisadi inkişaf strategiyasından söz açıb, dövlət proqramlarının və regional layihələrin müvəffəqiyyətlə icra olunduğunu qeyd edib. Bildirib ki, Azərbaycan Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevrilib, ümumi daxili məhsulun artım tempinə görə dünyada liderliyini qoruyub saxlayıb, yoxsulluğun səviyyəsi kəskin aşağı düşüb, dövlət büdcəsinin gəlirləri artıb. Bununla yanaşı, uğurla həyata keçirilən sosial infrastruktur layihələri nəticəsində bölgələrin siması dəyişib, sahibkarlığın inkişafı, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, iş yerlərinin açılması naminə sistemli tədbirlər görülüb.
Prezident İlham Əliyevin son vaxtlar əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində imzaladığı sərəncamlara toxunan rektor tələbə, doktorant və magistrantların təqaüdünün artırılması barədə sənədlərin ölkədə təhsil almaq istəyən gənclərə dövlət qayğısının növbəti təzahürü olduğunu vurğulayıb. Təhsil Tələbə Krediti Fondunun yaradılmasından da danışan rektor bunun ölkədə təhsil haqqını ödəyə bilməyən tələbələrə böyük dəstək olacağını diqqətə çatdırıb.
BMU-nun elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov konfransın əlamətdar dövrə - BMU-nun yaradılmasının 5 illiyi, həmçinin ölkə Prezidenti İlham Əliyevin yubileyi ərəfəsinə təsadüf etdiyini söyləyib. O, 5 il ərzində universitetin müxtəlif istiqamətlərdə, o cümlədən mühəndislik və iqtisadiyyat sahələrində sayca 15 beynəlxalq konfransa ev sahibliyi etdiyini vurğulayıb. 30 ildən artıq işğal altında qalan torpaqlarımızın 44 günlük Vətən müharibəsi nəticəsində qələbə ilə yekunlaşdığını qeyd edən prorektor iqtisadçıların üzərinə böyük məsuliyyətin düşdüyünü söyləyib.
BMU-nun iqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Mayis Əzizov iqtisadiyyat və idarəetmədə problemlər və perspektivlər mövzusunun aktuallığını qoruyub saxlayan məsələlərdən biri olduğunu deyib. Tədbirin 8 seksiyada davam edəcəyini söyləyən dekan konfransa daxil olan materiallar sırasında işğaldan azad edilmiş ərazilərin inkişafı ilə bağlı tədqiqatların xüsusi çəkisinin olduğunu vurğulayıb. O, konfransda daha çox gənc tədqiqatçıların iştirakının üstünlük təşkil etdiyini diqqətə çatdırıb.
Plenar iclasda məruzələr dinlənilib.
Qeyd edək ki, konfransa Azərbaycan, Türkiyə, Rusiya, Macarıstan və digər ölkələrdən 140-a yaxın məruzə göndərilib və konfransın təşkilat komitəsinin qərarı ilə 100-ə yaxın məruzə proqrama daxil edilib.