Lənkəran Dövlət Universitetində (LDU) “Çağdaş dönəmdə Türk dünyasının aktual problemləri” adlı respublika elmi konfransı başlayıb. Konfransın işində LDU ilə yanaşı, Azərbaycan və qardaş Türkiyənin 20-yə yaxın ali təhsil ocağının və AMEA-nın Elmi-tədqiqat institutlarının müəllim, doktorant, dissertantları iştirak edirlər.
Universitetin rektoru, professor Natiq İbrahimov iştirakçıları qarşıdakı bayramlar-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. Rektor konfransın məhz 24 dekabr tarixində, ölkə başçısı İlham Əliyevin 60 illik yubileyi günündə keçirilməsinin təsadüfi olmadığını bildirib. Prezidet İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif olunmasını başa çatmaqda olan 2021-ci ilin ən böyük siyasi nailiyyəti adlandırıb. Azərbaycan-Türkiyə qardaşlığının böyük Zəfər savaşında önəmli rol oynadığını, böyük Qələbəyə vəsilə olduğunu deyən N.İbrahimov türk dövlətlərinin birliyinin vacibliyini xüsusi vurğulayıb.
Açılış nitqindən sonra plenar iclasda mövzu ətrafında məruzələr dinlənilib.Türkiyənin Kastamonu Universitetinin professoru Namik Musalı, Kafkas Universitesi, Siyasət elmləri və Beynəlxalq əlaqələr bölümünün rəhbəri (TURAN Stratejik Araşdırmalar Mərkəzinin direktoru), dosent Elnur Həsən Mikayıl, Azərbaycan Dillər Universitetinin dosenti Vidadi Bəşirov, Lənkəran Dövlət Universiteti rektorunun maşaviri, professor Telman İmanov, LDU-nun dosentləri- filologiya və ibtidai təhsil fakültəsinin dekanı Elman Mirzəyev, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Zaur Məmmədov məruzə ilə çıxış ediblər.
Konfrans işini 4 bölmədə davam etdirir. Riyaziyyat və təbiət elmləri, iqtisadiyyat, aqrar və texnika elmləri, dilçilik və ədəbiyyatşünaslıq, tarix, fəlsəfə və pedaqogika bölmələrində 200-ə yaxın elmi tezis dinlənilərək müzakirə olunacaq.