Bölgələrdə maarifləndirici tədbirlər keçirilir


Müzəffər Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində böyük Zəfər qazanmasına baxmayaraq işğaldan azad olunmuş ərazilərdə düşmən tərəfindən basdırılmış minalar, eləcə də əvvəlki cəbhəboyu ərazilərdə çoxsaylı partlamamış hərbi sursatlar vətəndaşların həyatı üçün hər zaman təhlükə törətməkdədir. Bununla belə, mina və ya partlamamış hərbi sursatların işğaldan azad olunmuş ərazilərlə yanaşı ölkənin digər rayonlarında də aşkarlanması mümkündür. Məhz belə şəraitdə vətəndaşların bu tip təhlükəli vasitələr haqqında məlumatsız olması böyük təhlükələrə yol aça bilər. Azərbaycan Respublikası təhsil nazirinin  “Təhsil müəssisələrinin müəllim-şagird (tələbə) heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə  metodiki tövsiyələr”in təsdiq edilməsi barədə müvafiq əmrinin baş verə biləcək təhlükələrin qarşısının alınması baxımından əhəmiyyəti böyükdür.

 

Quba Rayon Təhsil Şöbəsi tərəfindən məktəblərdə mina təhlükəsizliyi, onun fəsadları barədə şagirdlərlə maarifləndirici tədbirlər həyata keçirilir.

 

Rayonun R.Məmmədov adına Alekseyevka  kənd tam orta məktəbində GÇQH rəhbəri Elman Azayev “açıq dərs” təşkil edib. Tədbirdə Təhsil Nazirliyinin əməkdaşı Rövşən Ağayev, ANAMA-nın nümayəndəsi Zamiq Aslan, Quba Rayon Təhsil Şöbəsinin məsul işçiləri Pərviz Nurməmmədov və Vüqar İmaməliyev iştirak ediblər.

 

“Açıq dərs” öncə sinif şəraitində aparılıb. Müəllim minaların quruluşu, iş prinsipi haqqında məlumat verib. İkinci mərhələdə şagirdlərə videoçarx vasitəsilə minalar haqqında və onların insanlara vurduğu fəsadları nümayiş etdirilib. Daha sonra nümayəndələr və şagirdlər məktəbin ərazisində minanın basdırılması və ondan mühafizə qaydaları və qorunması haqqında məlumatlar alıblar.

 

***

 

Quba Peşə liseyində “Gənclərin çağırışaqədərki hazırlığı” fənni üzrə dərslərdə şagirdlərlə mina və partlamamış hərbi sursatların (PHS) yaratdığı təhlükə barədə maarifləndirici söhbətlər aparılır.  Gənclərə hərbi sursat aşkar edərkən necə hərəkət etmələri izah olunur: hər hansı hərbi sursat gördükdə ona əl vurmamalı, şübhəli əşyalara toxunmamalı, bu zaman valideynlərə, liseyin müəllimlərinə, yaxud özündən yaşca böyük şəxslərə məlumat verməli və dərhal 102 və ya 112 Qaynar xəttinə zəng etmələri xüsusi vurğulanır.

 

Eyni zamanda, liseydə partlayış təhlükəsinə qarşı lövhələrin yerləşdirilməsi, pedaqoji şurada mövzu ilə əlaqədar müzakirənin təşkil olunması, valideynlərin məsələ ilə bağlı maarifləndirilməsi və digər işlərin aparılması nəzərdə tutulub.

 

***

 

Siyəzən şəhər M.Müşfiq adına 2 nömrəli tam orta məktəbin XI a sinfində “Partlayış təhlükəsi” mövzusunda Çağırışaqədərki hazırlıq rəhbəri, Vətən müharibəsi qazisi Akif Quliyev tərəfindən dərs təşkil olunub. Dərs zamanı slayd və videoçarxlardan istifadə edərək  minaların növləri, yarada biləcəyi təhlükələr, minalanmış ərazilərin necə müəyyən olunması, belə ərazilərdə təsadüfən ehtiyatsızlıqdan baş verən hadisələr zamanı hansı addımlar atılmasının vacibliyi haqqında məlumat verilib. Müəllim öz döyüş xatirələrindən şagirdlərə danışaraq bu təhlükənin hər yerdə rast gəlinə bilən və belə təhlükə aşkar olunarkən hansı addımlar atılmalı olduğunu qeyd edib.

 

Dərsdə Təhsil Nazirliyinin məsul əməkdaşı Rövşən Ağayev, ANAMA-nın əməkdaşı Zamin Aslan, Siyəzən Rayon Təhsil Şöbəsinin müdiri Pərvin Ağasiyev iştirak edib. Sonra məktəbdə mina təhlükəsindən qorunmaq üçün maarifləndiriçi vasitələr və əyani vəsaitlər təqdim edilib, Təhsil Nazirliyinin əməkdaşı məktəbdə çalışan şəhid ailələrinin üzvləri ilə görüşüb.

 

***

 

Siyəzən şəhər Ş.İsmayılov adına 3 nömrəli tam orta məktəbin X a sinfində də Çağırışaqədərki hazırlıq rəhbəri, Vətən müharibəsinin iştirakçısı İlkin İlyasovun “Diqqət! Mina!” mövzusunda növbəti nümunəvi dərsi dinlənilib. Müəllim əyani vəsaitlər, slayd və videoçarxlar vasitəsilə şagirdlərə minaların xarakteristikası, insanlara vura biləcəyi zərərlər haqqında məlumat verib. Bununla yanaşı düşmən tərəfindən hərbçilərə və mülki vətəndaşlara qarşı istifadə olunan minalar haqqında danışaraq, qurulan, insanların, xüsusən uşaqların diqqətini cəlb edəcək oyuncaq xarakterli minalar, onların hansı yollarla tanınmasının mümkün olması, həmin partlayıcı vasitələrdən qorunmaq üçün hansı addımların atılmasının vacibliyi haqqında şagirdlər məlumatlandırılıb.

 

Təhsil Nazirliyinin nümayəndəsi məktəb rəhbərliyilə birgə metodik tövsiyələr əsasında işin təşkili ilə bağlı fikir mübadiləsi aparıb.

 

“Açıq dərs”dən sonra rayon təhsil şöbəsinin təşkilatçılığı ilə Siyəzən şəhərində fəaliyyət göstərən məktəb direktorları və çağırışaqədərki hazırlıq rəhbərlərinin iştirakı ilə Təhsil Nazirliyinin müvafiq əmrinin icra vəziyyəti haqqında hesabat xarakterli onlayn iclas keçirilib.