“Məktəblinin dostu” layihəsinin 5 illiyi qeyd olunub
Dekabrın 23-də Bakı şəhər 20 nömrəli məktəb-liseydə “Məktəblinin dostu” layihəsinin 5 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Təhsil naziri Emin Əmrullayev, nazirliyin struktur rəhbərləri, “Məktəblinin dost”ları, KİV nümayəndələri və digər şəxslər iştirak edib.
Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev “Məktəblinin dostu” layihəsinin əhəmiyyətindən söz açıb, ötən 5 ildə layihənin əhatə dairəsinin daha da genişləndiyini deyib. “Məktəblinin dostu” olan təhsil ocaqlarında təlim və tədrisin keyfiyyətinin daha da yüksəldiyini bildirən Emin Əmrullayev bu modelin digər ölkələrdə də tətbiq olunduğunu diqqətə çatdırıb. Təhsil müəssisələrində təhlükəsiz mühiti qorumağın, fövqəladə halların qarşısını zamanında almağın vacibliyini deyən təhsil naziri “Məktəblinin dostu”nun bu və digər halların qarşısının alınmasında xeyli nümunələri olduğunu, bununla da onların təkcə məktəblinin deyil, eyni zamanda təhsilin dostu olduğunu söyləyib. Layihədə iştirak edən əməkdaşların fəaliyyətini yüksək qiymətləndirən E.Əmrullayev onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən təhsil nazirinin müşaviri, layihənin rəhbəri Rüstəm Ağayev bu günə qədər görülən işlər barədə ətraflı məlumat verib, layihənin 5 ildə əldə etdiyi uğurlardan söz açıb. Bildirilib ki, “Məktəblinin dostu” layihəsi 2016-cı ilin dekabr ayında Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə 30 ümumi təhsil müəssisəsində fəaliyyətə başlamışdır. 2020-2021-ci tədris ilində “Məktəblinin dostu” layihəsinin əhatə dairəsinin daha da genişləndiyini deyən layihə rəhbəri onu da qeyd edib ki, hazırda layihə Bakı şəhəri üzrə 186, Abşeronda 20, Sumqayıtda 20 təhsil müəssisəsində olmaqla, ümumilikdə 226 müəssisədə fəaliyyət göstərir. 400 minə yaxın şagirdi əhatə edən layihə üzrə hazırda 400 əməkdaş çalışır.
Tədbirin davamında “Məktəblinin dostu” layihəsi çərçivəsində görülən işlərin əks olunduğu videoçarxlar nümayiş olunub.
Daha sonra layihənin əməkdaşlarına səmərəli fəaliyyət, xüsusi təşəbbüskarlıq və fəallıq nümayiş etdirdiklərinə görə sertifikatlar təqdim olunub.
Fürsətdən istifadə edib prosesin birbaşa iştirakçısı olan “Məktəblinin dost”ları ilə də söhbətləşdik.
“Çalışmışıq ki, məktəb heyətinə dost olaq”
106 nömrəli məktəbdə çalışan Xanəli Mənsimov üç ilə yaxındır ki, “Məktəblinin dostu” layihəsinə qoşulub. O, bu müddət ərzində bir neçə məktəbdə işlədiyini sözlərinə əlavə edib: “Məktəblinin dostu” artıq bir növ zamanın tələbinə çevrilmişdir. Biz fəaliyyət göstərdiyimiz bu illər ərzində bir çox neqativ hadisələrin qarşısını almışıq. Onu da qeyd edim ki, adımız “Məktəblinin dostu” olsa da, çalışmışıq ki, bütün məktəb heyətinə dost olaq. Bu gün məktəblilər çox rahat şəkildə bizə yaxınlaşıb problemlərini deyə bilirlər. Bu gün məktəbli valideyni ilə əlaqə saxlamaq üçün bizə rahat şəkildə yaxınlaşa bilirsə, demək onlar bizi həqiqətən də dost gözündə görürlər. Yadıma gəlir, Yasamal məktəblərinin birində işləyən zaman evə gedərkən yolda fəaliyyət göstərdiyim məktəbin şagirdi olmayan bir şagird yaxınlaşıb dedi: “Məktəblinin dostu”, bilirəm məni tanımırsınız, ancaq mən sizi formanızdan tanıdım.Valideynimi itirmişəm, olar sizin telefon ilə əlaqə saxlayım”. Təbii ki, şagirdin valideyni ilə əlaqə saxlayıb övladını valideyinə təhvil vermişdim. O zaman düşündüm ki, həqiqətən “Məktəblinin dostu” bir brenddir”.
“Şagirdlərə dəstək olmağa çalışıram”
Dilguşə Fətəliyeva da öz fikirlərini bölüşüb. O, fəaliyyət göstərdiyi 5 ilin necə də tez gəlib keçdiyini deyir: “2016-cı ildən - layihə fəaliyyətə başladığı ilk gündən “Məktəblinin dostu” kimi çalışıram. Bu illər ərzində bir neçə məktəbdə olmuşam. Məktəblərdə olduğumuz müddətə hər zaman məktəb-şagird-valideyn üçbucağının sağlam təhsil mühitində vəhdətini təşkil etməyə səy göstəririk. Hazırda fəaliyyət göstərdiyim Sabunçu rayonu 215 nömrəli tam orta məktəbdə də 5 ildə qazandığım təcrübə ilə daha böyük həvəs və maraqla şagirdlərin problemlərini dinləyir, onlara dəstək olmağa çalışıram.
Bu illər ərzində 95 nömrəli məktəbdə olarkən “Yay məktəbi” ərəfəsində bir valideynin bizim layihəmiz haqqında dediyi ifadələri heç vaxt unuda bilmirəm. Valideyn deyirdi: “İmkanım olsa, sizin əməkdaşların bir milyon nüsxəsini yaradıb, dünyanın bütün tərəfinə göndərərdim”. Hər zaman bu sözləri xatırlayır və etimadı doğrultmağa çalışıram”.
“Şagirdlər uğurlarını bizimlə paylaşırlar”
Abşeron rayon Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə çalışanYasəmən Abdullayeva uşaqlarla işləməyin onun üçün çox maraqlı olduğunu bildirir: “Biz şagirdlərlə dost münasibəti qururuq. Onlar da bizə qarşı biganə deyillər. Hətta 1 gün işdə olmayan kimi növbəti gün mütləq yaxınlaşıb maraqlanırlar. Onlar öz problemlərini, sıxıntılarını, hətta öz aralarında yaranmış inciklikləri, konfliktləri bizə rahat şəkildə deyə bilirlər. Bu zaman şagirdlərlə söhbət apararaq məsələnin tam həll olunmasında yaxından iştirak edirik.
Şagirdlər qazandıqları nailiyyətlərini, uğurlarını bizimlə paylaşırlar. Bəzi şagirdlər hazırladıqları əl işlərini, çəkdikləri rəsmləri bizə hədiyyə edirlər. Biz də onları ya otağımızda, ya da dəhlizdə olan “Məktəblinin dostu” lövhəsində nümayiş etdiririk. Bu da onların sevincinə səbəb olur”.
“Biz hər kəsin dostuna çevrilmişik”
Elgün Eldarzadə 5 ildir ki, “Məktəblinin dostu” layihəsində fəaliyyət göstərir. O, əsas hədəflərinin şagirdlərin sağlam təhsil mühiti ilə təmin etmək olduğunu deyir: “Hazırda Bakı şəhər Yasamal rayonu 53 nömrəli tam orta məktəbdə “Məktəblinin dostu” kimi fəaliyyət göstərirəm. Həm şagird, həm də müəllim kollektivi ilə xoş və qarşılıqlı hörmətə əsaslanan münasibətimiz var. Biz artıq yalnız məktəblinin deyil, məktəbin və orda çalışan hər bir kəsin dostuna çevrilmişik.
Hazırda işlədiyim 53 nömrəli məktəbdə 10-cu sinif şagirdi dərs zamanı özünü piss hiss edərək sinifdə yıxılmışdı. Bu haqda dərhal sinif yoldaşları bizə məlumat verdi. Biz şagirdlərlə birlikdə ona ilk yardımı göstərdik və özünə gəlməsinə nail olduq. İşimi çox sevirəm”.
Niyazi RƏHİMOV