Pekinin konsert zalında “Teotronico” adlı robot və italyan pianoçu Roberto Prosseda arasında fortepiano yarışması keçirilib. İnsanla robotun “döyüşü”ndə iştirakçılar bərabər səviyyədə çıxış ediblər.
www.robo-hunter.com saytının məlumatına görə, rəqiblərin fortepiano üzrə praktik olaraq, bütün texnikalara bələd olub-olmadıqları yoxlanılıb. Onlar Şopen, Mendelson, List və Bethovenin musiqilərini ifa ediblər. Dinləyicilərin qiymətləndirməsi onların alqışları ilə müəyyən edilib.
İfanın müddəti, dəqiqliyi və çevikliyi kimi kateqoriyalarda robot qələbə qazanıb. Lakin fortedən pianoya keçid, ifanın fasiləsizliyi və emosionallığına pianoçu daha yaxşı müvəffəq olub. Prossedanın sözlərinə görə, baxmayaraq ki, insan ifa zamanı səhv edə bilər, maşınlar heç vaxt real musiqiçiləri əvəz edə bilməyəcəklər.
“Teotronico” 53 barmağının köməyi ilə görkəmli pianoçuların musiqilərini ifa etməklə yanaşı, həm də musiqi bəstələyə, insanlarla ünsiyyət saxlaya və öz emosiyalarını ifadə edə bilir.