Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayev orta təhsil aldığı məktəbdə nümunəvi dərs keçib. Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin XI sinif şagirdlərinin iştirak etdiyi dərs öz fərqliliyi ilə seçilib. Rektor 44 gündə qazandığımız Zəfər tariximiz haqda danışaraq şagirdlərə vətənini sevməyi, şəhidlərimizin xatirəsini hər zaman əziz tutmağı tövsiyə edib.

 

E.İsayev rəhbəri olduğu ali təhsil ocağının maddi-texniki bazası, müasir tədris metodları haqda məlumat verib. Bildirilib ki, NDU son illər ən yüksək inkişaf mərhələsinə çatıb.  Bir çox beynəlxalq layihələrdə uğurla təmsil olunan universitetdə yeni yaradılacaq texnopark layihəsi barədə danışan rektor “Times Higher Education” (THE World University Rankings 2022) versiyası üzrə aparılan reytinqə görə dünyanın ən yaxşı universitetləri sırasında NDU-nun seçildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, yüksək bal toplayan abituriyentlərin əksəriyyəti məhz bu ali təhsil ocağını seçir. Abituriyentlərə peşə seçimində xüsusi olaraq diqqətli olmalarını məsləhət görən E.İsayev müasir dövrün tələblərinə uyğun ixtisaslara üstünlük vermələrini tövsiyə edib. Diqqətə çatdırılıb ki, bu gün hər kəs informasiya-kommunikasiya texnologiyalarına bələd olmalı, müasir dövrün çağırışlarına uyğun elmi biliklərini artırmalıdır.

 

Dərsdə iştirak edən şagirdərə universitetin tanıtım bukletləri təqdim olunub.