ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərinin sakini, Monterey-Lənkəran Dostluq Assosiasiyasının sədri xanım Nensi Selfric Lənkərana səfəri çərçivəsində Lənkəran Dövlət Universitetində (LDU) olub. Onu ADA Universitetinin professoru Şəfəq Mehrəliyeva müşayiət edib.
LDU-nun rektoru, professor Natiq İbrahimov universitetdə görülən yenidənqurma işlərindən, tədrisin modernləşdirilməsindən, əldə edilən uğurlardan danışıb. Bu il ABŞ səfirliyinin dəstəyi ilə LDU-da Amerika mədəniyyət guşəsinin yaradılması barədə müqavilə imzalandığını və yaxın müddətdə guşənin istifadəyə veriləcəyini amerikalı qonağın diqqətinə çatdırıb.
Xanım Nensi Selfric rektorla söhbət zamanı LDU ilə Monterey Yarımada Kolleci arasında tələbə-müəllim mübadiləsi məsələlərini müzakirə edib. Kolleclə əməkdaşlıq müqaviləsinin imzalanmasını məqsədəuyğun hesab edən qonaq yaz və qış semestrləri arasında olan tətil müddətlərində tələbələrin, müəllimlərin ödənişsiz təlimlərə cəlb olunmasını hər iki tərəf üçün səmərəli hesab edib.
Sonra Nensi Selfric universitetin professor-müəllim-tələbə heyəti ilə görüşüb. Onlara Amerika təhsilinin mühüm istiqamətlərindən, Montereydəki Kollecin işindən söz açıb, iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Xatırladaq ki, ABŞ-ın Kaliforniya ştatının Monterey şəhəri 2010-cu ildən Lənkəranla qardaşlaşıb və Nensi Selfric LDU-ya ilk dəfə 2018-ci ilin oktyabrında səfər edib.