Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə “Gəncədən dünyaya doğan Günəş” mövzusunda elmi-bədii vebinar keçirilib. Onlayn keçirilən vebinar SABAH qrupları İcra Komitəsinin təşəbbüskarlığı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin SABAH qruplarının təşkilatçılığı ilə baş tutub.
SABAH qruplarının müəllimi Əzizağa Nəcəfzadənin moderatoru olduğu vebinarda Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu (MQİMO) Universitetinin professoru, Rusiya Elmlər Akademiyası Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitunun aparıcı elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin Moskva Bölməsinin sədri, Dünya Azərbaycanlıları Konqresinin həmsədrinin müavini filоlogiya elmləri doktoru Abuzər Bağırovun “Nizami Gəncəvi Yevgeni Eduardoviç Bertelsin tədqiqatlarında”, Türkiyə Prezidentinin sabiq baş müşaviri, millət vəkili, Türk Dünyası Elm Adamları Məclisinin həmsədri, Əhməd Yasəvi Beynəlxalq Türk-Qazax Universiteti, Qazi Universiteti və Başkənd Universitetinin professoru, doktor Mustafa İsenin “Nizami Gəncəvi yaradıcılığının Türk dünyası və ümumən yaxın Şərq ədəbiyyatına nüfuzedici təsiri” mövzusunda geniş məruzələri dinlənilib.
SABAH qruplarının müəllimləri məruzələr ətrafında çıxışlar ediblər.
Daha sonra məruzəçilər tələbələri maraqlandıran sualları cavablandırıblar.
Tədbirin ədəbi-bədii hissəsində ADPU SABAH qruplarının III və IV kurs tələbələri dahi Nizami Gəncəvinin şeirlərindən nümunələr, “Xəmsə”yə daxil olan poemalardan parçalar səsləndirib, saz havası üzərində şairin qəzəllərini ifa ediblər.