Paytaxt məktəblərində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı silsilə tədbirlər keçirilir.

 

Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində ustad sənətkar Aşıq Ələsgərin həyat  və yaradıcılığına həsr olunmuş konfranslar, “Açıq dərs”lər, “Dəyirmi masa”lar, ədəbi-bədii gecələr, müsabiqə və yarışlar təşkil edilir. Bundan başqa, məktəb kitabxanalarında Aşıq Ələsgər irsinin təbliği və əsərlərinin müzakirəsi istiqamətində diskusiya və debatlar keçirilir.

 

Həmçinin ümumi təhsil müəssisələrində ustad sənətkarın 200 illik yubileyinə həsr olunmuş rəsm sərgiləri nümayiş olunur, divar  qəzeti və bülletenlər hazırlanır. “Aşıq Ələsgər və  Azərbaycan  folkloru” mövzusunda  şeir müsabiqəsi təşkil olunur.

 

Tədbirlərdə Azərbaycan aşıq poeziyasını zirvələrə yüksəltmiş el sənətkarı Aşıq Ələsgər haqqında şagirdlərə geniş məlumatlar verilir, aşığın 200 illik yubileyinin bütün türk dünyası üçün əlamətdar tarix olduğu bildirilir.

 

Aşıq Ələsgərin çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə bədii-estetik meyarlarla yeni məzmun qazandırdığı, onun xalqın ruhuyla həmahəng əsərlərinin Azərbaycanın mədəni sərvətləri xəzinəsinə misilsiz töhfələr bəxş etdiyi şagirdlərin diqqətinə çatdırılır.

 

Şagirdlər tərəfindən Aşıq Ələsgərin şeirlərdən nümunələr səsləndirilir, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilir.

 

Qeyd edək ki, tədbirlərin keçirilməsinin əsas məqsədi Prezident İlham Əliyevin Aşıq Ələsgərin anadan olmasının 200-cü ildönümünün təntənəli qeyd olunması ilə bağlı sərəncamının icrası, şagirdlərə Aşıq Ələsgərin sənətinin öyrədilməsi və tanıdılmasından ibarətdir.