Naxçıvan Dövlət Universitetində (NDU) tələbələr arasında keçirilən “Siyasi biliklər” olimpiadasının qalibləri mükafatlandırılıb.

 

Ali təhsil ocağının rektoru Elbrus İsayev qeyd edib ki, universitetdə bu cür olimpiadaların və yarışların keçirilməsi ənənə halını alıb. Vurğulanıb ki, adıçəkilən olimpiada Naxçıvan Muxtar Respublikasında ali təhsil müəssisələri arasında təşkil olunmuş  “Siyasi biliklər” üzrə ilk olimpiadadır. Qeyd olunub ki, regionun siyasi vəziyyətinə uyğun olaraq tələbələrin siyasi biliklərə yiyələnməsi onların gələcək təcrübi fəaliyyətləri baxımından böyük önəm kəsb edir.

 

Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi Ərazi ilk Partiya təşkilatının sədri Arzu Abdullayev layihənin əhəmiyyətindən danışıb, olimpiadanın əsas məqsədinin tələbələri siyasətin müxtəlif sahələrində maarifləndirmək, onları bu sahənin mütəxəssisləri kimi formalaşdırmaqdan ibarət olduğunu deyib.  

 

Daha sonra Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov layihənin davamlılığı və nəticələri barədə məlumat verib. Qeyd edilib ki, bu ilin noyabr ayının 1-dən 19-na qədər keçirilən olimpiadada Naxçıvan Dövlət Universiteti, Naxçıvan Universiteti və Naxçıvan Müəllimlər İnstitundan,  ümumilikdə 60 tələbə iştirak edib. 2 mərhələdə təşkil olunan olimpiadada 21 tələbə final mərhələsinə keçmə haqqı qazanıb.

 

Qeyd edək ki, NDU-nun tələbəsi Səbinə Əliyeva 22 xalla qalib olub. Ayxan Məmmədov və Zaur Dünyamalıyev 21 xalla II yerdə qərarlaşıblar. Adları qeyd olunan tələbələrə diplom və müxtəlif hədiyyələr, digər final mərhələsinə keçən tələbələrə isə fərqləndiklərinə görə diplomlar təqdim edilib.