Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşən Özəl Sektorun İnkişafı Layihəsinin (PSA) “Ferrero” şirkəti ilə birgə əməkdaşlığı çərçivəsində Fındıqçılıq Üzrə Texniki Sertifikat Proqramı (TCP) üzrə beş həftəlik təlimlər yekunlaşıb.



Təlimlərin son sessiyası Quba rayonunda baş tutub.



Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunda keçirilən son sessiyanın təlimləri ADAU tələbələri tərəfindən maraqla qarşılanıb. Belə ki, sessiyanın nəzəri hissəsində “Ferrero” mütəxəssisləri məhsul yığımından sonrakı texnologiyalar, fındığın keyfiyyət parametrləri, dəyər zəncirinin optimallaşdırılması və təşkili, məhsulun izlənməsi və bazarın inkişafı mövzularını əhatə ediblər.



Sonra isə praktiki olaraq Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunda tələbələr institutun in vitro laboratoriyasında fındıq bitkisinin in vitro şəraitində çoxaldılması və maddi-texniki bazası ilə tanış olublar.



Təlimin sonunda imtahan sessiyasına hazırlıq məqsədilə USAID ve “Ferrero” şirkətinin birgə istehsalı olan fındıqçılıq üzrə texniki təlimat kitabçaları tələbələrə paylanılıb. İmtahan sessiyası yanvar ayı üçün nəzərdə tutulur.



İmtahanı müvəffəqiyyətlə bitirən tələbələr beynəlxalq sertifikatla təltif olunacaqlar.