Dekabrın 20-də Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) 90 illik yubileyinə həsr olunmuş hesabat tədbiri keçirilib.

 

Tədbiri giriş sözü ilə açan ARTİ-nin direktoru Rüfət Əzizov bildirib ki, 90 il bundan öncə yaranan ARTİ tarixin müxtəlif dövrlərində özünü yeniləyə bilib və bu gün də öz layihələri, islahatyönümlü nailiyyətləri ilə aktuallığını itirməyib. Rüfət Əzizovun sözlərinə görə, ARTİ hər zaman Azərbaycanda pedaqoji fikrin formalaşmasında, inkişafında çox vacib rol oynayıb və hazırda ölkədə son illərdə baş verən təhsil islahatlarının tam mərkəzindədir. İnstitut cari işlərlə yanaşı, həm də gələcəyə yönəlik yeni çağırışların və yeni imkanların axtarışındadır. 

 

Rüfət Əzizov çıxışında institutun həyata keçirdiyi layihələrin geniş miqyasından bəhs edib, ARTİ-nin gələcək planlarını açıqlayıb. 

 

Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev ARTİ-nin rəhbərliyini və əməkdaşlarını yubiley münasibətilə təbrik edib. Nazir çıxışında ARTİ-nin Azərbaycanın təhsil sistemindəki mühüm rolundan və gördüyü işlərdən bəhs edib. Emin Əmrullayev ARTİ-də təhsil nöqteyi-nəzərindən əsaslı şəkildə irəliyə doğru addımlar atıldığını, bu səbəbdən institutun uzunmüddətli təhsil təcrübəsi olan əməkdaşlarından bu dinamikanın öyrənilməsini, onların həyat təcrübələrinin dinlənilməsini, baş vermiş hadisələri, bu dövrdəki yanaşmaların vacibliyini vurğulayıb.  

 

Tədbirdə ARTİ-nin direktor müavini Ənvər Abbasov çıxış edərək institutun yaranma tarixindən və keçdiyi inkişaf yolundan danışıb. 

 

ARTİ-nin həyata keçirdiyi müasir təhsil islahatları barədə danışan institutun direktor müavini Ülkər Babayeva ümumi təhsildə məzmun, tədris resursları, qiymətləndirmə tədqiqatları, inklüziv təhsil, olimpiadalar, müxtəlif yerli və beynəlxalq partnyorlarla birgə icra edilən layihələr, məktəbəqədər təhsil, “STEAM Azərbaycan” və “İcmaəsaslı məktəbəqədər təhsil” layihələri, təhsil işçilərinin peşəkar inkişafı, metodik dəstək, MİQ imtahanları, strateji təhsil tədqiqatları, elmi-pedaqoji kadrların hazırlığı, ATM-lərə dəstək, ARTİ-nin nəzdində yaradılmış “Sabah.lab” Akselerasiya Mərkəzinin fəaliyyəti haqqında məlumat verib.

 

Sonda ARTİ-nin əməkdaşlarına dövlət təltifləri və fəxri fərmanlar təqdim olunub.

 

Yubiley tədbirində Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən hazırlanmış musiqi və rəqs nömrələri təqdim olunub.