Dekabrın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubiley mərasimi keçirilib. 


Mərasimdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Emin Əmrullayev, millət vəkilləri və digər qonaqlar iştirak ediblər.


Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru Cəfər Cəfərov  son illər ərzində ali təhsil müəssisəsində görülən işlər və aparılan islahatlar, əldə olunan nəticələrdən danışıb. Rektor bildirib ki, məzmunun yenilənməsi, tədris və imtahan prosesinin maksimum şəffaflaşdırılması, yeni nəsil təhsil proqramlarının hazırlanması, elmi-tədqiqatların səmərəliliyinin artırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi və infrastrukturun təkmilləşdirilməsi vasitəsilə təhsilin keyfiyyətinin yüksəldilməsinə nail olmaq əsas hədəflərdəndir.

 
Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev sözügedən universitetin ölkənin təhsil sahəsində mühüm rol oynadığını vurğulayıb. Nazir təhsil ocağının əldə etdiyi uğurlardan, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ADPU və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında uğurla davam edən ikili diplom proqramının əhəmiyyətindən danışıb. Həmçinin, ADPU-ya tələbə qəbulunun, eləcə də universitetin məzunlarının müəllimlərin işə qəbulu imtahanlarındakı nəticələrinin yüksək olduğunu bildirib.


Daha sonra çıxış edən digər qonaqlar ADPU-nun təhsil sahəsindəki rolundan söz açıb, professor-müəllim heyətini təbrik edərək hər birinə uğurlar arzulayıblar. 


 Mərasimdə ADPU-nun 100 illiyinə həsr olunmuş film də nümayiş edilib.