Bakı Ali Neft Məktəbi (BANM) ilə Böyük Britaniyanın “British Council” təşkilatı arasında BANM-də IELTS Qeydiyyat Mərkəzinin yaradılması haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən, ölkədə ilk dəfə olaraq “British Council” BANM-də yaradılan bu Qeydiyyat Mərkəzində onlayn imtahan vermək istəyən şəxslərin qeydiyyatını həyata keçirəcək. Müqaviləni BANM-in rektoru Elmar Qasımov və “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Fransis Qardener Trexo imzalayıb.

 

BANM-in kampusunda Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarpın iştirakı ilə keçirilən imzalanma mərasimində ali məktəbin rektoru E.Qasımov bildirib ki, layihə “British Council” ilə BANM arasında əməkdaşlığın növbəti mərhələsidir. Rektor bir neçə ay əvvəl “British Council” təşkilatı ilə əməkdaşlıq çərçivəsində BANM-də açılan ACCA Mərkəzindən də bəhs edərək vurğulayıb ki, dünyadakı 5 ACCA Mərkəzindən biri olan bu mərkəz artıq qısa müddətdə ikinci yerə yüksəlib və burada təxminən, 50 nəfər çalışır.

 

E.Qasımov mərkəzin yaxın aylarda dünyada ən böyük mərkəzə çevriləcəyinə əminliyini bildirib: “Həm ACCA Mərkəzinin, həm də İELTS Qeydiyyat Mərkəzinin ölkədə ilk dəfə olaraq məhz BANM-də açılması ali məktəbimizə münasibətin və onun nüfuzuna olan diqqətin göstəricisidir. Əminəm ki, bu mərkəz də nəinki ölkəmizin, hətta regionun aparıcı mərkəzinə çevriləcək. Mərkəzin xidmətlərindən həm tələbələrimiz, həm də gələcəkdə dünyanın nüfuzlu ali təhsil ocaqlarında təhsil almaq üçün imtahan verəcək gənclərimiz faydalanacaqlar”.

 

Rektor 10 ildir yaradılan BANM-in Böyük Britaniya ilə uğurlu əməkdaşlıq etdiyini və bu əməkdaşlıqda “British Council” təşkilatının böyük rolu olduğunu vurğulayıb. İngilis dilinin əhəmiyyətindən də danışaraq bildirib ki, Bakı Ali Neft Məktəbi də ingilisdilli yüksəkixtisaslı kadr hazırlamaq məqsədilə yaradılıb və 10 ildir ki, uğurla ingilisdilli texniki ixtisaslı kadrlar hazırlayır.

 

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarf mərkəzin böyük fayda gətirəcəyinə inandığını vurğulayıb, BANM-lə “British Council” arasındakı  əməkdaşlığı təhsildə keyfiyyətin yeni aspekti olaraq qiymətləndirib: “İngilis dili bu günün və gələcəyin dilidir, burada da bu dilin tədrisinə xüsusi önəm verilir. Bakı Ali Neft Məktəbi ilə bu əməkdaşlığa başlamaqdan çox şadıq və gələcəkdə də yeni əməkdaşlıqlara məmnuniyyətlə hazırıq”.

 

“British Council” təşkilatının Azərbaycan üzrə direktoru Fransis Qardener Trexo  müqavilənin əhəmiyyətindən danışaraq qeyd edib ki, əsası qoyulan bu əməkdaşlıq tələbələrə fərdi şəkildə kömək etməklə yanaşı, ingilis dilinin ən yüksək səviyyədə öyrədilməsinə imkan verəcək: “Bakı Ali Neft Məktəbi ilə çox uğurlu əməkdaşlıq edirik və bu yeni yaradılan əməkdaşlıq həm qeydiyyat prosesində, həm də IELTS sertifikatlaşmasının tanınmasında xüsusi xidmət göstərəcək. Bu da əməkdaşlığın başqa aspektidir. Bakı Ali Neft Məktəbində IELTS sertifikatının qəbulu və bu sertifikat əsasında tədrisin davam etməsi göstərir ki, burada qəbul yüksək bal əsasında olmaqla yanaşı, təhsilin səviyyəsi də yüksək dərəcədədir”.