Dekabrın 16-da Təhsil və Mədəniyyət nazirlikləri, Heydər Əliyev Fondunun dəstəyi ilə “Nizami Gəncəvi irsi XXI əsr” simpoziumu və Nizami yaradıcılığına həsr olunmuş sərginin açılış mərasimi keçirilib. 

 

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilməsi və şairin anadan olmasının 880 illik yubileyinin təntənəli şəkildə qeyd olunması böyük söz sahibinin xatirəsinə dərin ehtiramın ifadəsi, ölkəmizdə şairə verilən yüksək dəyərin göstəricisidir.

 

Nazir müavini qeyd edib ki, bu gün təhsil müəssisələrində Nizami irsi layiqincə tədris edilir və hər yeni gün onu müasir gənclərimizə daha da yaxın etmək imkanları barədə düşünülür, Nizami irsinin milli və bəşəri ideyaları geniş şəkildə öyrənilir və öyrədilir. Firudin Qurbanovun sözlərinə görə, Nizami Gəncəvi irsini qoruyub saxlamalı, gələcək nəsillərə çatdırmalıyıq. Bu simpoziumun da əsas məqsədi budur. 

 

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxışında bildirib ki, Nizami dövrü digər şairlərdən fərqlidir. Qərb tədqiqatçıları ümumi olaraq belə deyirlər ki, Nizami insana, insan cəmiyyətinə ensiklopedik yanaşma edib. 

Simpoziumda çıxış edən millət vəkili Qənirə Paşayeva Nizami Gəncəvi yaradıcılığında böyük dəyərlərin aşılandığını, onun təkcə şair deyil, həm də böyük fikir adamı olduğunu diqqətə çatdırıb. 

 

Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Soltan Məmmədov deyib ki, “Nizami Gəncəvi İli” bu gün dünyanın müxtəlif ölkələrində qeyd olunur. Soltan Məmmədov deyib ki, Azərbaycanın tarixi şəxsiyyətlərinə qiymət verən bu tip tədbirlərin keçirilməsi təqdirəlayiq haldır. 


Tədbir çıxışlarla və bədii kompozisiya ilə davam etdirilib.