“Təhsil” Respublika İdman Mərkəzinin 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi


Ölkəmizdə  idmanın bütün növləri üzrə peşəkar və güclü idmançılar hazırlanır. Təbii ki, yeniyetmə və gənclərin hər hansı bir idman növünün sirlərinə mükəmməl şəkildə yiyələnməsində, güclü idmançı kimi yetişməsində respublikamızda fəaliyyət göstərən idman məktəblərinin rolu çox böyükdür. Haqqında söhbət açacağımız idman məktəbi də güclü idmançıları və təcrübəli məşqçi-müəllim kollektivi ilə seçilir. Təhsil Nazirliyi “Təhsil” Respublika İdman Mərkəzinin 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi 1966-cı ildə yaradılıb. Məktəb yaradıldığı vaxtda 5 idman növü ilə fəaliyyətə başlayib. İdman məktəbində hazırda 8 bölmə - badminton, basketbol, cüdo, futbol, həndbol, voleybol, yunan-roma güləşi və sərbəst güləş idman növləri üzrə peşəkar idmançılar hazırlanır.

 

Məktəbin direktoru, Əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim, ölkə  Prezidentinin sərəncamlarına əsasən “Tərəqqi” medalı və Azərbaycan Respublikası Prezidentinin  fəxri diplomu  ilə təltif olunmuş Əjdər Cəfərovla  məktəbin keçdiyi uğurlu yola nəzər saldıq.

 

Ümumilikdə məktəbdə 1364 idmançı məşğul olur. İdman növləri üzrə 4 bölmə ixtisaslaşmışdır. Məktəbdə 66 məşqçi-müəllim çalışır ki, onlardan 8 nəfər əməkdar, 7 nəfər 1-ci ixtisas   kateqoriyalı  məşqçidir.    Tədris ili boyu yeniyetmə və gəncləri məşqlərə cəlb etmək üçün orta məktəblərlə, idman federasiyaları ilə sıx əməkdaşlıq edilir.  İdmançıların məktəbə qəbulu hər ilin sentyabr, oktyabr ayları ərzində aparılır. Məktəb rəhbərliyi və məşqçi- müəllimlər bu işə çox ciddi və diqqətli yanaşırlar. Tədris ili ərzində idmançılar müxtəlif idman növləri üzrə illik məşq planına uyğun məşq edirlər. Bəzi idmançılara fərdi yanaşma da tələb olunur. Məşqçi-müəllimlərimiz bunun öhdəsindən gəlirlər.

 

“Yetirmələrimiz yüksək nəticə göstərirlər”

 

17 ildir ki, cüdo bölməsi üzrə  məşqçilik fəaliyyəti ilə məşğul olan Əməkdar məşqçi-müəllim Teyyub Məmmədxanlı bildirib ki, bu gün böyüməkdə olan yeniyetmə və gənc nəslin üzərinə düşən əsas vəzifə Vətənini sevmək, arzuladığı sahə üzrə inkişaf etməkdən ibarətdir: "Sağlam bədəndə sağlam ruh olar. Sağlamlığı qorumaq üçün isə insan bu prosesə yeniyetmə və gənc yaşlarından start verməlidir. Bu gün dövlətimiz tərəfindən idmanla məşğul olmağa başlayan hər bir yeniyetmə və gənc üçün hər cür şərait yaradılıb. Uşaqlar gərək yaradılan şəraitdən maksimum istifadə edə bilsinlər.

 

Yetirmələrimdən ən yüksək nəticə göstərən idmançı 1993-cü il təvəllüdlü  Qurbanlı Ayşədir. O, 2002-ci ildən cüdo idman növü ilə məşğul olmağa başlayıb. Hər zaman məşqlərdə böyük həvəslə tapşırıqları yerinə yetirir, öz üzərində daimi çalışırdı. Əziyyətimiz yerdə qalmadı.  Qurbanlı Ayşə dəfələrlə Azərbaycan çempionu, Avropa kubokunun qalibi, 2017-ci ildə keçirilən İslam Həmrəylik Oyunlarında II yerin sahibi, 2020-ci ildə baş tutan  Olimpiya Oyunlarının iştirakçısı olub. Hazırda yığma komandanın üzvüdür.

 

Ölkəmizdə cüdo  idman növünə maraq hər gün artmaqda davam edir. Bizim birinci məqsədimiz uşaqları, yeniyetmə və gəncləri idmana cəlb edərək onların asudə vaxtını səmərəli təşkil etmək, növbəti mərhələdə isə onlardan perspektivli idmançıları seçərək milli komandaya layiqli cüdoçu yetişdirməkdir. İdman məktəbinin rəhbərliyi tərəfindən göstərilən diqqət və yardılan şəraitin nəticəsi olaraq yetirmələrimiz müxtəlif yarışlarda yüksək nəticə göstərirlər. Cüdo bölməsi üzrə ümumilikdə 2018-ci ildə beynəlxalq turnirlərdə 7, respublika səviyyəli yarışlarda 3, 2019-cu ildə beynəlxalq turnirlərdə 11, respublika səviyyəli yarışlarda isə 3 medal qazanılmışdır.  Arzu edirəm ki, hər zaman yarışlarımızın sayı çox olsun, çünki yarışlar cüdo idman növünə marağı artırır, kütləviliyin səviyyəsini qaldırır və perspektivli idmançıların aşkarlanmasında çox böyük rol oynayır”.

 

Dünya və Avropa çempionatlarının mükafatçısı

 

İdman məktəbində yunan-roma güləşinin sirlərini təcrübəli müəllimlərindən öyrənən Rafiq Hüseynov indi həmin məktəbin qabaqcıl məşqçi-müəllimlərindəndir: Tokio 2020 Olimpiya  oyunlarının bürünc mükafatçısı Hüseynov  Rafiq   Radik  oğlu  hazırda idman məktəbində yunan-roma güləşi bölməsində məşqçi-müəllim işləyir. 1988-ci ildə Özbəkistanın Daşkənd  şəhərində anadan olub. Güləşlə məşğul olmağa hələ uşaq yaşlarından başlayıb: “Mənim atam Radik Hüseynov sovetlər dönəmində güləş üzrə SSRİ  idman ustası olub. Mənə bu idman növünün sirlərini də atam öyrədib. Eyni zamanda atam həm də mənim şəxsi məşqçimdir. Mən atamdan təkcə güləşi öyrənməmişəm. Həyatda həmişə mübariz olmağı, vətənpərvər olmağı, xalqını, dövlətini həmişə sevməyi öyrənmişəm. Dəfələrlə Dünya və Avropa çempionatlarının mükafatçısı olmuşam. Hazırda idmançı karyeramı davam etdirərək eyni zamanda məşqçilik fəaliyyəti ilə   də  məşğul oluram. İdmançılara hər zaman  demişəm  ki, uğurlu  nəticələrin yolu çox çalışmaqdan keçir. Zəhmətsiz heç nəyə nail olmaq və heç bir işdə uğur qazanmaq olmaz. Çəkilən zəhmət heç vaxt yerdə qalmır. Onun qarşılığını sən həmişə alacaqsan. İdmanda da xüsusilə zəhmət çəkmək vacibdir”.

 

“Düzgün seçim etmək çox vacibdir”

 

Əməkdar məşqçi-müəllim Tahir Baxşıyev  11 ildir ki. idman məktəbində basketbol idman növü üzrə fəaliyət göstərir: “Hər yaş dövründə uşaqların asudə  vaxtlarının məqsədyönlü, planlı, mütəşəkkil təşkil olunmasının xüsusi əhəmiyyəti vardır. Biz məşqçi-müəllimlərin əsas vəzifələrindən biri də uşaq və yeniyetmələrin maraq, meyil və bacarıqlarının, intellektual səviyyəsi və yaradıcılıq qabiliyyətinin inkişafı üçün əlverişli şəraitin yaradılması, onların asudə vaxtının səmərəli təşkilidir. Peşəkar idmançı yetişdirmək üçün düzgün seçim etmək çox vacibdir. Biz məktəbdaxili, şəhər və respublika miqyaslı yarışlarda daimi seleksiya işləri aparırıq və perspektivli idmançıları müəyyən edirik.  Məqsədimiz Azərbaycan milli yığma komandası üçün layiqli idmançılar yetişdirməkdir. Basketbolçumuz Endər Poladxanlı belə idmançılardan biridir. 2014-cü ildə İdman məktəbinə daxil olan Endər məşqçi-müəllimi Tahir Baxşıyevin rəhbərliyi altında basketbolun sirlərinə yiyələnib.  Milli yığma komandanın üzvüdür, 2015-ci ildə Avropa ikincisi, 2016-cı  ildə isə Avropa birincisi olub. Peşəkar idmançı olmağı bacaran və həmişə ölkəmizin idman şərəfini uca tutan yetirmələrimizdəndir”.

 

Peşəkar idmançı müəllimlərinə minnətdardır

 

Təhsil Nazirliyi “Təhsil” Respublika İdman Mərkəzinin 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin  təcrübəli idmançılarından biri də Xətai Bağırovdur.  O   1989-cu ildə  Ağdam   şəhərində  anadan  olub. 2003-cü ildən idman məktəbində   futbol  idman növü ilə məşğul olmağa başlayıb. Hazırda  futzal  üzrə   milli yığma  komandanın üzvüdür. Dəfələrlə Avropa çempionatının və UEFA Çempionlar liqasının iştirakçısı olub. O, peşəkar idmançı kimi formalaşmağında əməyi olan müəllimlərinə sonsuz minnətdarlığını ifadə edib.

 

Rəşad ZİYADOV