Özbəkistan Bədii Akademiyasının Milli Rəssamlıq və Dizayn İnstitutunun iki əməkdaşı - tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Munisə Muxammedova, baş müəllim Şaxnoz Kasimova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muzeyşünaslıq kafedrasında ixtisasartırma kursu keçirlər.

 

Kurs kafedra tərəfindən hazırlanmış xüsusi təqvim planı əsasında aparılır. Təqvim planına görə, özbək alimlər kafedranın elmi fəaliyyəti ilə yaxından tanış olaraq təcrübə mübadiləsi edir, məşğələlərə qatılır, Azərbaycanın muzeyləri ilə yaxından tanış olurlar.


Ötən bir həftə ərzində qonaqlar Tarix və mədəniyyət abidələrinin ekspertizası fənninin seminar məşğələsində, İKOM-un “Muzey birliyinin peşəkar inkişaf və rifahı: profilli təşkilatların rolu” mövzusunda virtual dəyirmi masasında dinləyici qismində iştirak edib,  Müasir İncəsənət muzeyində İKOM-un Azərbaycan Milli Komitəsinin “Ünsiyyət bağları: Görüşlər və diskussiyalar” layihəsi çərçivəsində təşkil edilmiş sərgiyə qatılıblar.


Onlar , həmçinin Ağsu şəhəri Dövlət Tarix və Mədəniyyət qoruğuna da səfər edib, arxeoloji abidələrdən ibarət ekspozisiya ilə, eləcə də Qarabağ uğrunda döyüşmüş ağsulu şəhidlərə həsr edilən sərgi ilə yaxından tanış olublar.