Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Magistratura və doktorantura şöbəsi, həmçinin tarix və coğrafiya fakültəsinin birgə təşkilatçılığı ilə magistrantlar üçün "Elmi tədqiqat işlərinin aparılmasında CİS texnologiyasının tətbiqi" mövzusunda maarifləndirici seminar keçirilib.

 

Azərbaycanda Coğrafi İnformasiya Sistemləri (CİS) və GeoSurvey üzrə istisaslaşmış "Caucasus Geo Survey" şirkətinin direktoru Rauf Əmənov tərəfindən keçirilən seminarda universitetin Coğrafiya fənninin tədrisi metodikası və metodologiyası, Sosial iş ixtisasları üzrə təhsil alan magistrantları iştirak ediblər. Tədbirdə CİS texnologiyası əsasında məkan məlumatlarının işlənərək interaktiv databaza və xəritələrin yaradılması, onların tətbiqi  sahələri və s. müasir yanaşmalar haqqında geniş məlumat verilib, magistrantları maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, "Caucasus Geo Survey" şirkəti ESRİ-nin Azərbaycandakı rəsmi tərəfdaşıdır və CİS texnologiyaları üzrə bir çox sahələrdə xidmətlər göstərir.

 

Seminarda çıxış edən ADPU-nun Magistratura və doktorantura şöbəsinin müdiri Rəşad Sadıqov,  Azərbaycan coğrafiyası və CTT kafedrasının müdiri, dosent Oqtay Alxasov bildiriblər ki, ali təhsilin bakalavr və magistratura səviyyələrində yenilikçi, tədqiqatçı mütəxəssislər hazırlamaq yolunda uğurla addımlayan universitetdə bu kimi layihələrin icrası böyük önəm daşıyır, gələcəkdə də "Caucasus Geo Survey"lə birgə tələbə və müəllimlərin hazırlıq səviyyəsinin artırılmasına yönəlmiş layihələrin həyata keçirilməsi nəzərdə tutulur.