Azərbaycanda “Media haqqında” yeni qanun layihəsinin qəbuluna hazırlıq prosesi gedir. Layihə ictimai polemikalardan sonra Milli Məclisin müvafiq  komissiyalarında müzakirə olunub və parlamentin plenar iclasına tövsiyə edilib. Ümumilikdə media təmsilçilərindən, mətbuat qurumlarından qanuna geniş dəstək nümayiş olunub.

 

Məlumdur ki, ötən il media sahəsində islahatlara start verildi, yeni qurum - Medianın İnkişafı Agentliyi yaradıldı, “Media haqqında” Qanun layihəsinin hazırlanması da bu islahatların tərkib hissəsi kimi meydana çıxdı.

 

Qanun Azərbaycan mediasının qarşısında əlverişli imkanlar və yeni mərhələ açır, milli informasiya məkanında davamlı inkişafa nail olmağın optimal yollarını müəyyənləşdirir. Qeyd edək ki, layihənin hazırlanmasında 800-yə yaxın media subyekti, jurnalist və ekspert iştirak edib, bununla da qanunun ictimaiyyətə açıqlığı təmin olunub.

 

Media hazırda 1999-cu ildə qəbul olunmuş “Kütləvi informasiya vasitələri haqqında” Qanuna əsasən fəaliyyət göstərir və statistik qeydlərə görə, bu günə kimi 79 dəfə dəyişdirilib, müasir çağırışlar baxımından yeni qanun zamanın və formalaşmış yeni reallığın tələbi olaraq gündəmə gəlib.

 

Qanun media subyektlərinin dəqiq təsnifatını verir və kimlərə jurnalist demək olar, kimlərə jurnalist demək olmaz kimi sualları aydınlaşdırır. Bu, nə üçün lazımdır? Bilirik ki, media mühitində jurnalist statusundan geniş sui-istifadə halları mövcuddur və bu, daim ictimai narazılığa səbəb olur, hətta ümumi jurnalistikanın adına xələl gətirir. Təsnifatlaşma və jurnalistin kimliyinə gətirilən aydınlıq jurnalistika sahəsində mövcud olan qarışıqlığı yoluna qoymaq, reket mətbuatının yaratdığı xoşagəlməz mənzərəni dəyişmək zərurətindən irəli gəlib.

 

Qanunun diqqətçəkən məqamlarından olan Media Reyestrinin yaradılmasında da niyyət budur. Bilirik ki, çap mediası subyektləri fəaliyyətə başlamazdan əvvəl müvafiq instansiyalara bu barədə məlumat verirdi, bu mənada söhbət yeni bir prosedurdan getmir. Artıq çoxillik təcrübə mövcuddur, sadəcə, burada tətbiq edilən yenilik ondan ibarətdir ki, bütün bu məlumatlar sistemləşdirilir, müvafiq yanaşma onlayn media subyektlərinə də tətbiq olunur və sistemləşdirilmiş məlumatlar bazasının Media Reyestri adlandırılması nəzərdə tutulur.

 

Media Reyestrinin məqsədi ondan ibarətdir ki, media subyektlərinin sayını müəyyənləşdirəcək, bununla da media subyektlərinin və onların işçilərinin hüquqlarının müdafiəsi mexanizminin formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsi təmin olunacaq. Ümumiyyətlə, müasir dövrün çağırışları bundan ibarətdir ki, media subyektlərinə dair məlumatlar vahid bazada toplansın, beləliklə pərakəndəliyin qarşısı alınsın. Çünki dağınıq və səpələnmiş məlumatlar medianın inkişafına dəstək layihələrinin həyata keçirilməsinə və bu istiqamətdə səmərəli fəaliyyətin təşkilinə mane olur.

 

Media reyestrinin aparılması nəticəsində keyfiyyətli xəbər istehsalını təmin etmək, bu sahədə stimullaşdırıcı tədbirləri həyata keçirmək mümkün olacaq. Kütləvi informasiyanın əldə olunması, ötürülməsi, istehsalı və yayımı fəaliyyətini təsadüfi və qeyri-müntəzəm şəkildə həyata keçirən, əsas istiqaməti media sahəsində fəaliyyətin həyata keçirilməsi olmayan subyektlər media subyekti hesab edilməyəcək. Beləliklə, güzəşt və imtiyazların tətbiq oluna biləcəyi media subyektlərinin və jurnalistlərin dairəsi müəyyənləşəcək, bu istiqamətdəki fəaliyyətin həcmi və əhatə dairəsi planlaşdırılacaq.

 

Qanun vahid jurnalist vəsiqəsi anlayışının tətbiqini ortaya qoyur ki, Media Reyestrinə daxil edilmiş jurnalistlərə vahid vəsiqənin təqdim olunması könüllülük prinsipini əsas götürür; Heç kəsə heç bir məhdudlaşdırma yaratmır. Yəni, Medianın İnkişafı Agentliyi tərəfindən veriləcək jurnalist vəsiqəsi olmasa da, hər hansı şəxs jurnalist kimi fəaliyyət göstərə bilər. Hər hansı mətbuat orqanı onunla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam sərbəstdir. Bu, qanunun demokratik məzmununu ehtiva edir.

 

Digər bir demokratik yanaşma ondan ibarətdir ki, qanun sosial şəbəkələrin və blogerlərin fəaliyyətini tənzimləmir, həmçinin, “vətəndaş jurnalistikası” adlandırılan və peşə olaraq deyil, hobbi olaraq həyata keçirilən fəaliyyət bu qanunun təsir dairəsinə daxil deyil. Üstəlik, internet televiziyalarının lisenziya almaq üçün müraciət etməsi məcburi xarakter daşımır. Lisenziya almayan internet televiziyalar öz fəaliyyətlərini maneəsiz davam etdirə biləcəklər. Çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından (qurumlarından) icazə tələb olunmur.

 

Bu gün jurnalistikada narazılıq yaradan məsələlərdən biri müəllif hüquqlarının pozulmasıdır. Mediada xəbərə istinad mədəniyyətinin formalaşması yetərli deyil, mətbuat orqanları bir-birinin xəbərindən öz məhsulu kimi istifadə edir. Bu zaman nə baş verir? Xoşagəlməz “xəbər oğurluğu” ittihamları səslənməyə başlayır, müəllif hüquqlarının pozulması faktı meydana çıxır.     

 

Sözügedən qanunda informasiyaya dair tələblər müəyyənləşdirilib ki, məhz bu tələblər media subyektləri arasında sağlam rəqabət mühiti formalaşdıracaq. Media subyektlərinin istehsal etdikləri məhsullar üzərindəki müəlliflik hüquqlarının qorunması təmin ediləcək, media subyektlərinin bir-birlərindən xəbər “oğurlamaq” vərdişləri aradan qaldırılacaq, xəbər uğrunda mübarizə və xəbər yaratmaq bacarıqlarının inkişafı təşviq ediləcək.

 

Beləliklə, yeni qanun layihəsi dövlət-media münasibətlərində əsas elementlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə öz töhfəsini verəcək. Qanun jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan olacaq, ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına şərait yaradacaq, ictimaiyyət və media arasında qarşılıqlı etimadın güclənməsini təmin edəcək. Bundan başqa, qanun layihəsində nəzərdə tutulan müddəalar informasiya mühitinin milliləşdirilməsini və daxili informasiya məkanının təhlükəsizliyini təmin etməyə, milli media məhsulunun istehsalını stimullaşdırmağa, yerli medianın inkişafına təkan verməyə, nəticə etibarı ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına daha geniş şərait yaradacaq.