Mingəçevir Dövlət Universitetində (MDU) Təhsil və İqtisadiyyat nazirliklərinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda keçirilən beynəlxalq elmi konfrans başa çatıb.
Konfransa dünyanın 15 ölkəsindən 72 ali təhsil müəssisə və elmi-tədqiqat institutunun akademik heyət üzvləri və alimləri qatılıb, 462 tezis və məqalə daxil olub.
Proqrama uyğun olaraq, konfrans çərçivəsində açılış-plenar, plenar, bölmə iclasları keçirilib.
Dekabrın 11-də isə beynəlxalq konfransın yekun iclası olub. İclasda MDU-nun rektoru Şahin Bayramov və konfransın bölmə rəhbərləri çıxış ediblər.
Beynəlxalq konfransın uğurla başa çatmasından məmnunluğunu bildirən Ş.Bayramov MDU tarixində ilk dəfə olaraq keçirilən belə bir mötəbər elmi tədbirdə dəstəyinə görə Təhsil və İqtisadiyyat nazirliklərinə, Mingəçevir Şəhər İcra Hakimiyyətinə, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinə, tərəfdaş yerli və xarici universitetlərə, eləcə də təşkilati komitəyə və əməyi olan hər kəsə minnətdarlığını ifadə edib.
Tərcümə və texniki-təşkilati işlərin yüksək peşəkarlıqla həyata keçirildiyini qeyd edən rektor bu sahədə dəstək göstərən "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının fəaliyyətini müsbət qiymətləndirib.
Dünyanın nüfuzlu universitetlərinin alimləri və tədqiqatçılarının da təmsil olunduqları plenar və bölmə iclaslarında dayanıqlı inkişafla bağlı aktual mövzularda təqdim edilən məruzələrin və aparılan müzakirələrin böyük maraqla qarşılandığını diqqətə çatdıran Ş.Bayramov konfrans barəsində çoxlu sayda müsbət rəylərin daxil olmasını təqdirəlayiq hal hesab edib.
Sonra iclasda konfransın yekunu ilə bağlı geniş fikir mübadiləsi aparılıb və təkliflər irəli sürülüb. MDU-da sözügedən beynəlxalq konfransın eyni adda hər il davam etdirilməsi və dayanıqlı inkişaf problemlərinin araşdırılması ilə məşğul olan müvafiq mərkəzin yaradılması barədə təkliflər iclas iştirakçıları tərəfindən müsbət qarşılanıb.
Sonda konfransın işinə yekun vurulub.