Mingəçevir Dövlət Universiteti (MDU) Kəmər və Yol Universitetləri Alyansına  (University Alliance of the Belt and Road – UAB&R) üzv qəbul olunub. Bu barədə qərar 2021-ci ilin 10 dekabr tarixində keçirilən UAB&R-ın konfransında verilib. Çin Xalq Respublikasının Lanzhou Universitetinin (Lanzhou University) və Qansu Əyalətinin Təhsil Departamenti tərəfindən birgə təşkil olunan, 15 ölkənin 30 universitet, tədqiqat institutu və mərkəz rəhbərlərinin qatıldığı konfransda MDU-nun rektoru Şahin Bayramov iştirak edib.

 

Həm real rejimdə, həm də Zoom platforması üzərindən keçirilən konfransda ali təhsil sahəsində beynəlxalq əməkdaşlığın innovativ formaları, akademik mübadilənin keyfiyyət və səmərəliliyinin yüksəldilməsi, Dayanıqlı İnkişaf Məqsədləri kontekstində gələcəyin liderlərinin təşviqi, universitet və sənaye əməkdaşlığı, COVID-19 pandemiyası dövründə ali təhsil, pandemiyadan sonrakı dünyada çağırışlar və imkanlar, rəqəmsal transformasiya, insan resurslarının inkişafı, alyans çərçivəsində əməkdaşlığın perspektivləri və digər məsələlərlə bağlı məruzələr təqdim edilib, geniş müzakirələr aparılıb.

 

Konfransda MDU-nun rektoru “Yeni dövrün universitetinə transformasiya: ümumi məqsədlər, koordinasiyalı beynəlxalq əməkdaşlıq və birgə səylər” mövzusunda məruzə ilə çıxış edib.

 

Rektor məruzəsində ali təhsil müəssisələrinin müasir dövrün reallıqlarına və çağırışlarına uyğunlaşması, yeni dövrün universitetinə çevrilmək yolunda əsas məqsədlər və hədəflər, dövlətin dəstəyi və tərəfdaş universitetlərlə məqsədyönlü birgə fəaliyyət, tədrisin məzmununun yenilənməsi, regional ekosistemə töhfə verən tədqiqat və innovasiya fəaliyyəti, universitet-sənaye əməkdaşlığı, kampus dəyərləri və çoxşaxəli tələbə həyatı, məzunların məşğulluğu, karyera inkişafı və digər məsələlər barədə danışıb, bu istiqamətdə koordinasiyalı beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.

 

Sonra MDU-nun UAB&R-a üzvlüyünü təsdiq edən Əməkdaşlıq Memorandumunun onlayn imzalanması mərasimi keçirilib.