Bakı Mühəndislik Universiteti (BMU) və ADA Universitetinin təşkilatçılığı ilə “46-cı ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin regional mərhələsi (XVII Azərbaycan Birinciliyi) keçirilib.

 

Onlayn baş tutan müsabiqədə Azərbaycanın 24 ali təhsil müəssisəsindən 87 komanda iştirak edib. Hər komanda 3 tələbə və komanda rəhbərindən ibarət olub.

 

Komandalara 5 saat ərzində 14 alqoritmik məsələni C, C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə avtomatik qiymətləndirmə sistemi ilə aparılıb.

 

Müsabiqənin nəticələrinə görə, BMU-nun komandası qaliblər sırasında yer alıb. Belə ki, ADA U: 2, ADA U: 3, Azerbaijani-French U - UFAZ: 2 komandaları I dərəcəli,  ADA U: 1, Baku Higher Oil School: 4, Baku Higher Oil School: 2, Azerbaijani-French U - UFAZ: 3 II dərəcəli, Baku Eng U: 6, Baku Eng U: 3, ADA U: 6, Azerbaijan S Oil&Industry U: 7, Baku Eng U: 1, Baku Higher Oil School: 5, Azerbaijani-French U - UFAZ: 1 komandaları isə III dərəcəli diploma layiq görülüb. Bundan əlavə 45 komanda fərqlənmə sertifikatı ilə təltif olunub. (https://neerc.ifmo.ru/archive/2021/azerbaijan/standings.html)

 

2022-ci ildə keçiriləcək “46-cı ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin yarımfinal mərhələsində ölkəmizi təmsil edəcək komandaların adları gələn ilin yanvar ayında açıqlanacaq.

 

Qeyd edək ki, müsabiqə 1977-ci ildən mütəmadi olaraq keçirilir. 45-ci ICPC 2020-2021 statistikasına görə, son müsabiqədə 115 ölkənin 3000-ə yaxın ali təhsil müəssisəsindən 60000-ə yaxın tələbə qatılıb. Azərbaycan ali təhsil müəssisələrinin komandaları adıçəkilən müsabiqədə 2005-ci ildən etibarən davamlı olaraq iştirak edirlər. Regional müsabiqənin baş sponsoru Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bankdır.