Təhsilalanların innovativ təşəbbüslərinin aşkarlanması və dəstəklənməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən 2021-ci ilin noyabr-dekabr aylarında tələbələr arasında keçirilən “EdTech Startap” müsabiqəsi yekunlaşıb. 

 

Müsabiqənin keçirilməsində məqsəd tələbələrin İKT və rəqəmsal təhsilə olan marağının artırılması, təhsil sahəsində mövcud çağırışlar üzrə innovativ həll yollarının araşdırılmasıdır.

 

Müsabiqədə iştirak etmək üçün respublika üzrə bütün ali təhsil müəsissələrindən ümumilikdə 244 komanda, 700-dən çox tələbə qeydiyyatdan keçib. İki mərhələdə keçirilən müsabiqədə tələbələr müəyyən mövzuda araşdırma edərək layihə təkliflərini video formatda təqdim ediblər. Münsiflər heyəti tərəfindən 10 ən yaxşı layihə seçilərək finala vəsiqə qazanıb. 

 

Final mərhələsində münsiflər heyəti tərəfindən aparılan qiymətləndirmənin nəticəsinə əsasən, 3 qalib komanda müəyyənləşdirilib. Belə ki, 3-cü yerin qalibi ADA Universitetini təmsil edən “Find Your İnstructor” komandası olub. “Tələbələrin müəllimləri asanlıqla tapa bilməsi” mövzusunda layihə hazırlayan tələbələr texnologiya və inkubasiya mərkəzində 6 aylıq abunəlik qazanıblar. 

 

Fransa-Azərbaycan Universitetini (UFAZ) təmsil edən “Planophore” komandası “Şagird və tələbələrin biliklərini sınaya biləcəyi onlayn platformanın yaradılması” layihəsini təqdim edərək 2-ci yerə layiq görülüb. Komandaya 1 il ərzində Təhsil Nazirliyi tərəfindən ideyasının inkişafı və reallaşdırılması üçün 7 min manatadək məbləğdə dəstək göstəriləcək. 

 

1-ci yerin qalibi isə Bakı Ali Neft Məktəbini təmsil edən “AzPlagio” komandası olub.  Tələbələr “Azərbaycan dilində plagiat aşkarlama platformasının yaradılması” mövzusunda layihə təqdim ediblər. Qalib komandaya 1 il ərzində Təhsil Nazirliyi tərəfindən ideyasının inkişafı və reallaşdırılması üçün 10 min manatadək məbləğdə dəstək göstəriləcək.