Azərbaycan Texnologiya Universiteti (UTECA) Erasmus+ proqramı çərçivəsində Polşanın Ekologiya və Menecment Universiteti ilə əməkdaşlığını davam etdirir. İki universitet 2018-ci ildən mütəmadi olaraq tələbə-müəllim mübadiləsi həyata keçirir. Proqram çərçivəsində adı çəkilən universitetin Erasmus+ proqramı üzrə koordinatoru Karolina Urban, mühəndislik və menecment fakültəsinin Erasmus+ proqramı üzrə koordinatoru Ievgeniia Mashukova 1 həftə müddətində UTECA-da olublar.



Universitetin rektoru, professor Akif Süleymanov Azərbaycan Texnologiya Universitetinin beynəlmiləlləşməyə xüsusi əhəmiyyət verdiyini, müəllim və tələbələrin mobillik proqramlarında iştirakında ali məktəbin maraqlı olduğunu vurğulayıb. Rektor bu tədris ilinin I semestrində bir çox UTECA tələbəsinin mübadilə proqramı çərçivəsində xarici ölkələrdə təhsil aldığını qeyd edərək, ənənənin davamlı olduğunu bildirib.



Elm və innovasiyalar üzrə prorektor, dosent Yaşar Ömərov da bu kimi əlaqələrin universitetlər arasında əməkdaşlığın artırılmasında əhəmiyyətindən bəhs edib. Bildirib ki, UTECA-da gənc tədqiqatçılar ilə xarici elm adamlarının onlayn görüş platformaları tez-tez təşkil edilir. Belə seminarların silsilə keçirildiyi bir vaxtda polyak mütəxəssislərin əyani təlimləri də tələbə və gənc tədqiqatçıların marağına səbəb olacaq.



Daha sonra qonaqlar qida mühəndisliyi fakültəsinin laboratoriyasında olublar. Fakültə əməkdaşları qonaqları laboratoriya ilə tanış edib və burada hazırlanan məhsullar haqqında ətraflı məlumat veriblər.



Səfərin sonrakı günlərində Elm və xarici əlaqələr mərkəzinin əməkdaşları qonaqları Gəncənin görməli yerləri ilə tanış edib.

 

Polşalı mütəxəssislər UTECA-da müəllim və tələbələr üçün təlimlər keçiriblər. Xarici mütəxəssislər dinləyicilərin suallarını ətraflı cavablandırıblar.



Səfərin son günündə UTECA-nın rektoru qonaqlara proqramın yekununa dair sertifikatlar təqdim edib.