Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş “Tarixi reallıqlara çevrilmiş Heydər Əliyev ideyaları” mövzusunda elmi konfrans keçirilib.
Konfransda universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.
MDU-nun rektoru Şahin Bayramov ölkənin müstəqil, hərtərəfli, dayanıqlı və dinamik inkişafında Heydər Əliyevin çoxşaxəli və misilsiz xidmətlərindən söhbət açıb. Rektor Ümummilli Liderin layiqli siyasi davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir dövrün tələblərinə uyğun olaraq sürətlə inkişf etdiyini, sosial rifah səviyyəsinin xeyli yüksəldiyini, dünyanın siyasi xəritəsində mövqeyinin daha da gücləndiyini və tariximizin qalibiyyətlərlə dolu şanlı səhifələrinin yazıldığını qeyd edib.
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın qətiyyəti və yenilməz Azərbaycan Əsgərinin qəhrəmanlığı sayəsində 30 il işğal altında olan torpaqların azad edilməsindən danışan Ş.Bayramov qazanılan tarixi Zəfərin məhz Heydər Əliyev siyasətinin təntənəsi kimi qiymətləndirildiyini diqqətə çatdırıb.
Hazırda qurucusu olduğu Azərbaycanın ərazi bütövlüyünün təmin olunduğunu, uzun illər erməni vandalizminə məruz qalmış doğma yurdlarımızın sürətlə dirçəldiyini, regionda sülhə, təhlükəsizliyə və rifaha hədəflənən irimiqyaslı işlərin həyata keçirildiyini vurğulayan rektor bu gün dahi şəxsiyyətin ruhunun şad olduğunu bildirib.
Universitetdə vətəninə, dövlətinə və xalqına bağlı mütəxəssis kadrların hazırlanmasının diqqət mərkəzində saxlanıldığını qeyd edən Ş.Bayramov bu məqsədlə ömrünü Azərbaycan xalqının firavan gələcəyinə həsr edən əbədiyaşar liderin zəngin irsinin gənc nəsil arasında təbliğinə xüsusi önəm verildiyini deyib və konfransın əhəmiyyətindən bəhs edib.
Sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.
Məruzələrdə ölkənin müstəqilliyi və tərəqqisi naminə Ulu Öndərin zəngin, titanik və çoxşaxəli fəaliyyətindən, xilaskarlıq missiyasından, milli maraqlarımıza uyğun müdrik və uzaqgörən siyasətindən, güclü siyasi iradəyə, yüksək intellektə, böyük əzmkarlığa və unikal liderlik keyfiyyətlərinə malik olmasından, ölkəmizin davamlı inkişafında və tarixi qələbəsində Heydər Əliyevin zəngin irsininin misilsiz əhəmiyyətindən bəhs edilib, dünyanın nüfuzlu ictimai-siyasi xadimlərinin Azərbaycan xalqının böyük oğlu haqqında xatirələri və fikirləri öz əksini tapıb.
Maraqla qarşılanan məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb.