Bakı Slavyan Universitetində ( BSU)  Vətən müharibəsində qazanılmış Böyük Zəfərə və bu ali təhsil müəssisəsinin 75 illik yubileyinə həsr olunan “Türk dünyası: geosiyasət və mədəni reallıqlar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

 

Universitetdən bildirilib ki, konfransda bir çox türkdilli ölkələrin universitetlərinin, elmi müəssisə və təşkilatlarının, ölkəmizin ali təhsil müəssisələrinin, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq elmi-tədqiqat institutlarının alim-mütəxəssisləri və gənc tədqiqatçılar iştirak ediblər.

 

Microsoft Teams platforması üzərindən keçirilən beynəlxalq elmi-praktik konfransın moderatoru, BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov bildirib ki Vətən müharibəsində qazandığımız Böyük Zəfər yalnız Cənubi Qafqaz regionunda deyil, dünyada yeni reallıqlar yaratdı:”Təqdirəlayiq haldır ki, Vətən müharibəsindən sonra Türk dünyası həmrəylik, birləşmək istiqamətində yeni addımlar atır. Bu gün BSU-da keçirilən beynəlxalq elmi-praktik konfrans da bunun bariz nümunəsidir. Konfrans iştirakçılarının təmsil etdikləri türkdilli ölkələrin coğrafiyası genişdir və bu, bizi çox sevindirir”.

 

Tədris işləri üzrə prorektor, professor Telman Cəfərov, tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova çıxış edərək müasir dövrdə türkdilli ölkələrin birləşməsinin böyük əhəmiyyət kəsb etdiyini, BSU-da bu istiqamətdə respublika və beynəlxalq miqyaslı elmi konfransların, simpoziumların, digər elmi tədbirlərin mütəmadi olaraq keçirildiyini vurğulayıblar.

 

Türkiyənin Holistense Akademiyasının prezidenti, professor Mehmet Şahin, Başkent Universitetinin professoru Suer Eker, Qırğızıstan Beynəlxalq Medikal Universitetinin prorektoru, professor Kadirali Konkobayev, Mirzə Ulukbek adına Özbəkistan Milli Universitetinin professoru Mahabbat Kurbanova, Lev Qumilyov adına Avrasiya Milli Universitetinin professoru Şolpan Jarkınbekova, Türkiyənin Hacettepe Universitetinin professoru Haluk Akalın, Hacı Bayram Vəli Universitetinin professorları Fatih Kirişçioğlu və Ekrem Arıkoğlu, Moldovanın Qaqauziya Komrat Dövlət Universitetinin professoru Güllü Karanfil,   Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin dosenti Biserka Beleva BSU-da Türk dünyası üçün mühüm mənəvi-siyasi məna daşıyan və çağdaş dövrümüz üçün aktual əhəmiyyət kəsb edən mövzuda beynəlxalq elmi-praktik konfransın keçirilməsini, bütövlükdə universitetin bu istiqamətdə səmərəli fəaliyyət göstərməsini yüksək qiymətləndiriblər.

 

Sonra konfrans öz işini Filologiya elmləri, İctimai elmlər, Xarici dillərin tədrisi metodikası, Psixologiya və pedaqoji elmlər bölmələrində davam etdirib.

 

Beynəlxalq elmi-praktik konfransın yekun iclasında bölmə rəhbərlərinin hesabatları dinlənilib, qərar və tövsiyələr qəbul edilib, gələcək əməkdaşlıq barədə geniş fikir mübadiləsi aparılıb.