Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda akademik seminar keçirilib.

 

Yeni Azərbaycan Partiyası (YAP) Nizami Rayon Təşkilatının lektoriya zalında təşkil olunan seminarda BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, millət vəkili Sədaqət Vəliyeva, YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov, YAP Mərkəzi Aparatının şöbə müdiri Rufiz Qonaqov, İdarənin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

 

Öncə qonaqlar Heydər Əliyevin büstünü ziyarət ediblər.     

 

Dövlət Himninin səsləndirilməsi ilə başlayan seminarda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

 

 YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov giriş sözü ilə çıxış edərək ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi sahəsindəki xidmətləri barədə danışıb.

 

BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində böyük nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb. Məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyan seminarın şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına, yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət etdiyini qeyd edib.

 

Çıxış edən professor Şahlar Əsgərov, millət vəkili Sədaqət Vəliyeva, YAP Mərkəzi Aparatının şöbə müdiri Rufiz Qonaqov Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə respublikanın sosial, iqtisadi, elmi-mədəni həyatında dönüş yarandığını, bütün sahələrdə inkişafa doğru köklü dəyişikliklər baş verdiyini bildiriblər.

 

Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə aid şagirdləri maraqlandıran suallar cavablandırılıb.