Prezident yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycanda yeni idarəetmə texnologiyaları və onların tətbiqi ilə qurulmuş səmərəli, çevik idarəetmə sistemi, həmçinin Azərbaycanın bu sahədə qabaqcıl təcrübəsi, qazandığı uğurların müzakirəsinə həsr olunmuş “Dövlət idarəçiliyində yeni texnologiyalar: davamlı inkişaf və inklüziv cəmiyyətə doğru” beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Onlayn keçirilən konfransda azərbaycanlı alimlərlə yanaşı, Türkiyə, Rusiya, ABŞ, Çin, İsrail, Gürcüstan, Qazaxıstan, Türkmənistan və Taçikistanın milli dövlət idarəçilik akademiyaları və universitetlərinin rəhbərləri, nüfuzlu mütəxəssislər iştirak ediblər.
Akademiyanın rektoru, akademik Urxan Ələkbərov “Azərbaycan Respublikasında yeni idarəetmə texnologiyalarının səmərəliliyi: beynəlxalq qiymətləndirmə” mövzusundakı məruzəsində ölkənin son illər Prezident İlham Əliyev tərəfindən işlənilmiş və dünyada ilk dəfə tətbiq edilən yeni idarəetmə texnologiyaları sayəsində inklüziv cəmiyyətin formalaşdırılması sahəsində dünya liderliyinə yüksəldiyini vurğulayıb. Məruzədə bildirilib ki, beynəlxalq təşkilatların rəsmi hesabatlarına görə, hazırda Azərbaycan dünyada inklüziv inkişaf sahəsində maddi və insan resurslarından ən səmərəli istifadə edən ölkədir. Rektor vurğulayıb ki, inklüziv inkişaf sahəsində Azərbaycanın yüksək göstəricilər əldə etməsi və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsində ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri var. U.Ələkbərov qazanılan uğurların 44 günlük Vətən müharibəsindəki parlaq Qələbədə böyük payının olduğunu da xüsusi qeyd edib.
Yeni dövlət idarəçiliyi və Davamlı İnkişaf Məqsədləri, qlobal pandemiya dönəmində dövlət, müasir dövrdə dövlət qulluğunun idarə olunması, ağıllı şəhər və kəndlərin idarə edilməsində süni intellektin rolu, dövlət idarəçiliyində dəyişikliklərin idarə olunması, ölkələrin sülh paradiqmaları konfransın əsas müzakirə mövzularından olub.
Konfrans iştirakçılarının çıxışları və aparılan müzakirələr gedişində Azərbaycanda işlənilmiş yeni idarəetmə texnologiyalarının tədqiqi, alınan nəticələrin tədris proqramlarına, xüsusilə də dövlət qulluqçularının hazırlığı və yenidən hazırlığı prosesinə daxil edilməsi, ümumiyyətlə bu sahədə qazanılan təcrübənin digər ölkələrdə də yayılmasının faydalı ola biləcəyi qənaətinə gəlinib.