Dövlət İmtahan Mərkəzində (DİM) bir sıra ali təhsil müəssisələrinin rektorlarının iştirakı ilə DİM və ali təhsil müəssisələri arasında qarşılıqlı əməkdaşlığa həsr olunan görüş keçirilib.
Görüşdən öncə Ümummilli lider Heydər Əliyevin Mərkəzin binasında yerləşən büstü ziyarət olunub.
Sonra DİM-də yerləşən, milli qiymətləndirmə üzrə tarixi əks etdirən muzeylə tanışlıq baş tutub. İştirakçılara milli qiymətləndirmə sisteminin yaradıldığı dövrdən indiyə qədər aparılan işlərə dair məlumat verilib. Qonaqlar DİM tərəfindən hazırlanmış kitablar, dövri nəşrlər və metodiki vəsaitlərlə də tanış olublar. İştirakçılar üçün DİM-də hazırlanıb quraşdırılmış və qəbul imtahanları ilə bağlı ölkə üzrə statistik məlumatları əks etdirən Azərbaycan Respublikasının elektron xəritəsi də nümayiş olunub.
Daha sonra iştirakçılarla görüş keçirilib. Tədbirdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, sədr müavinləri Namiq Babayev və Bəhram Xəlilov, təhsil nazirinin müavini İdris İsayev, ADA Universitetinin rektoru Hafiz Paşayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru Əziz Əliyev və DİM-in struktur bölmələrinin rəhbərləri iştirak ediblər.
Görüşdə çıxış edən DİM-in Direktorlar Şurasının sədri M.Abbaszadə Azərbaycanda təhsildə qiymətləndirmə sahəsinin təkmilləşdirilməsi istiqamətində çoxtərəfli dialoqun böyük əhəmiyyət kəsb etdiyini və ölkəmizdə insan kapitalının formalaşmasında ali təhsil ocaqlarının rolunu qeyd edib:“1995-ci ildən etibarən Azərbaycanda keçirilən qəbul imtahanlarının nəticələri təhlil edilir və iştirakçıların təhsil trayektoriyaları izlənilir. Hazırda DİM-də imtahan nəticələri, onların statistik təhlili ilə bağlı böyük həcmli məlumat bazası formalaşıb və ali təhsil müəssisələri öz qəbul siyasətlərini müəyyən edərkən bu məlumatlardan istifadə edə bilərlər”.
Tədbirdə tərəflər arasında səmərəli əməkdaşlıq perspektivləri, qiymətləndirmə, qəbul sahəsində yeni mexanizm və alətlərin yaradılması kimi məsələlər də müzakirə edilib. Həmçinin, DİM tərəfindən universitetlərlə birgə əməkdaşlıq sahələri üzrə hazırlanan təkliflər ali təhsil müəsissələrinin rəhbər şəxslərinə təqdim olunub.
Daha sonra DİM əməkdaşları Mərkəz tərəfindən təqdim olunan aşağıdakı xidmətlər barədə təqdimatlarla çıxış ediblər.
- Ən yaxşı beynəlxalq və yerli təcrübə əsasında tədris prosesinin təşkilinə dəstək;
- Qiymətləndirmə alətlərinin hazırlanmasına dəstək;
- Ali təhsil müəssisələrində kompüter əsaslı qiymətləndirməyə keçidə dəstək;
- Elektronlaşma – rəqəmsal platformaların tətbiqi;
- Verilənlər əsasında qərarların qəbul edilməsinə dəstək;
- Tələbələrə təcrübi və psixoloji dəstək;
- DİM-in və ali təhsil müəssisələrinin fəaliyyət istiqamətləri və əməkdaşlığı üzrə təbliğatın aparılması.
Təqdimatlardan sonra ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün müzakirələrin davam etdirilməsinin vacibliyi qeyd olunub və bir sıra təkliflər səsləndirilib.
Tədbirin sonunda qonaqlar qapalı şəraitdə sual kitabçalarının çap edilməsi prosesi ilə yaxından tanış olublar.
Məlumat üçün bildirək ki, yaxın vaxtlarda digər ali təhsil müəssisələrinin rektorları ilə də analoji görüşlər keçiriləcək.